Birləşmiş Ştatlar İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiyalar tətbiq edib. ABŞ hökumətinin açıqladığı bəyanatda bildirilir ki, bu qərar İran rejiminin atdığı addımların qəbuledilməz olduğuna dair bir xəbərdarlıqdır. İran Azərbaycanlı jurnalist və şərhçi Əhməd Haşimi Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində ABŞ-ın İran xarici işlər nazirinə qarşı tətbiq etdiyi sanksiyalar və Vaşinqtonun bu addımının iki ölkə arasında onsuz da gərgin münasibətlərə mümkün təsirlərindən danışıb.
Əhməd Haşimi bildirib ki, Vaşinqtonun İranın baş diplomatına qarşı sanksiyalar tətbiq etməsi “diplomatiya imkanlarının getdikcə azaldığı” və diplomatiyanın daha çox “qarşıdurma ilə əvəz oluna biləcəyinə dair” bir xəbərdarlıq kimi qiymətləndirilə bilər.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter sosial şəbəkəsində yazdığı mesajında “ABŞ-da əmlaka sahib olmadığını” bildirərək, ABŞ sanksiyalarının əhəmiyyətini azaltmağa çalışıb. Əhməd Haşimi İran xarici işlər narizinə qarşı sanksiyaların “simvolik” xarakter daşıdığını hesab etdiyini bildirsə də, Vaşinqtonun bu addımının Zərif üçün ciddi nəticələri ola biləcəyini deyib. O, Zərifin Amerika ilə əlaqələrini qeyd edərək bildirib ki, sanksiyalar onun ABŞ ictimaiyyəti və mediasına əvvəlki çıxışının qarşısını alır.
“Zərif Amerikada universitetdə təhsil alıb. Amerikanı yaxşı tanıyır. Buraya bağlılığı var. Burada diplomat olub. İranı Birləşmiş Millətlər Təşkilatında təmsil edib. Onun ən böyük nailiyyəti, Ruhani dövlətinin xarici siyasətdə və diplomatiyada ən böyük uğuru nüvə sazişi idi. Keçən il Tramp administrasiyasının bu sazişdən çıxmasından sonra indi bu saziş aradan qaldırılıb. Zərif buranı çox sevir və gəlib burada fərqli mediaya, fərqli düşüncə mərkəzlərinə müsahibələr verir və əslində İranın nümayəndəsi, sözçüsü kimi çıxış edir və bu qapının bağlanmasından heç də razı deyil.”
Əhməd Haşimi bildirib ki, Zərifə qarşı sanksiyalar ABŞ-ın İrana təzyiqləri davam etdirərək artırdığına işarədir. Lakin onun sözlərinə görə, təzyiqləri artırmasına baxmayaraq, nə Vaşinqton, nə də Tehran gərginliklərin hərbi yola gətirib çıxarılmasını istəmir.
“Nə İran bunu istəyir. Çünki İran dünyanın ən güclü ordusu, hərbi qüvvəsi olan Amerika ilə müharibə apara bilməz. Və Amerikada da bunu istəmir. Amerikada iqtidarda olan administrasiya üçün `America first` - `Amerika birincidir` kimi prioritet çərçivəsində Amerika Əfqanıstanda, İraqda, Suriyada olan əsgərlərini geri çəkmək və ölkəyə geri qaytarmaq istəyir. Trampın ən son istədiyi şey İranla müharibədir. İranla müharibə Amerikaya bir şey qazandırmaz, əksinə çox şeyi əldən verər. Birincisi budur ki, Tramp qarşıdan gələn seçkilərdə seçilməyə bilər. Amerika indi iqtisadi baxımdan illərdən sonra ən gözəl və parlaq dövrünü yaşayır və ehtimali bir müharibə iqtisadiyyata çox böyük təsir göstərə bilər.”
Birləşmiş Ştatlar bundan öncə İranla danışıqlara hazır olduğunu bildirib. İranın baş diplomatına qarşı sanksiyalardan sonra Tehranla danışıqların mümkünlüyü haqda sualı cavablandıran Əhməd Haşimi bildirib ki, İranın danışıqlar masasına qayıtmağa hazırlığını nümayiş etdirdiyi halda, ABŞ öz növbəsində bu istiqamətində addımlar ata bilər. Onun sözlərinə görə, İran ABŞ-ın Tehranın ballistik raket proqramını və uran zənginləşdirilməsi prosesini daha da məhdudlaşdırılması üçün yeni razılığı müzakirə etməyə hazırlıq göstərdiyi halda, ABŞ atdığı addımlardan geri çəkilə bilər. “Amerika Zərifə qarşı sanksiyaların aradan qaldırılması istiqamətində addımlar ataraq geri çəkilə bilər. Hətta İrana iqtisadi baxımından təşviqlər yaranması üçün bəzi addımlar da ata bilər və İran tərəfindən yeni nüvə sazişi üçün bir ciddiyyət göstərilsə, Amerika bu sanksiyalardan addım-addım geri çəkilə bilər.”