Accessibility links

Əşrəf Qani Birləşmiş Ərəb Əmirliklərindədir


Əfqanıstan Prezidenti Əşrəf Qani hazırda Birləşmiş Ərəb Əmirliklərindədir (BƏƏ). Bu barədə çərşənbə günü BƏƏ məlumat verib. Qani bu həftənin əvvəlində Talibanın Əfqanıstanın nəzarətini ələ keçirməsindən sonra ölkədən qaçmışdı.

"Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Prezident Əşrəf Qani və onun ailəsini humanitar əsaslarla ölkəyə qəbul etdiyini təsdiqləyə bilər" - deyə, nazirliyin açıqlamasında bildirilib.

Qani Taliban döyüşçüləri heç bir müqavimət olmadan Kabilə daxil olmadan əvvəl bazar günü Əfqanıstandan qaçıb. Qani Facebook səhifəsində "Talibanın qalib gəldiyini" və Əfqanıstanı "qan tökülməsinin" qarşısını almaq üçün tərk etdiyini yazıb.

Çərşənbə gününə qədər Qaninin Oman, Tacikistan və ya Özbəkistana qaçdığı güman edilirdi.

Qani ölkəni tərk edəndən sonra ilk ictimai şərhlərində bildirib ki, onun Əfqanıstanda qalması daha çox insanın ölümü ilə nəticələnə bilərdi.

"Mən qalsam Kabilin küçələrində qan tökülərdi və ora başqa bir Suriyaya çevrilə bilərdi," Qani Facebook-da paylaşdığı videoda bildirib. "Mən Talibanla inklüziv hökumət qurmaqla bağlı danışıqlar aparmaq istəyirdim, amma Taliban ictimai çağırışlara rəğmən Kabilə daxil oldu."

Qani həmçinin ölkədən qaçarkən üzərində böyük miqdarda pulun olduğuna dair təsdiqlənməmiş iddiaları rədd edib və gömrüyün bunu təsdiqləyə biləcəyini bildirib.

1996-2001-ci illərdə Əfqanıstanı idarə edən Taliban 2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ-ın başçılıq etdiyi işğal nəticəsində devrilib. Taliban yüz minlərlə insanın ölümünə səbəb olan 20 illik müharibədən sonra nisbətən az qan tökərək, bu ay yalnız 10 gün ərzində Əfqanıstanın böyük şəhərlərinin nəzarətini yenidən ələ keçirdi.

ABŞ Prezidenti Co Bayden bu həftənin əvvəlində Talibanın ölkəni ələ keçirməsinin təəccüblü dərəcədə sürətli olduğunu etiraf edib, lakin yenə də ABŞ qoşunlarının geri çəkilməsini müdafiə edib.

“Əfqanıstan siyasi liderləri təslim olub qaçdılar. Əfqanıstan ordusu döyüşmədən çökdü. Amerika əsgərləri Əfqanıstan qüvvələrinin mübarizə etmək istəmədiyi müharibədə döyüşə və ölə bilməz" - deyə, Bayden bildirib.

XS
SM
MD
LG