ABŞ-ın federal hakimi Şimali Koreyanın bu ölkədə həbs olunduqdan sonra vəfat edən amerikalı universitet tələbəsinin ailəsinə 500 milyon dollar dəyərində pul ödəməsinə dair qərar qəbul edib.
Virciniya Universitetinin tələbəsi olan Otto Uarmbiyer 2016-cı ildə Şimali Koreyada təbliğat plakatını oğurlamaq cəhdi ilə əlaqədar 15 illik həbsə məhkum edilmişdi.
Şimali Koreyada 17 ay həbsdə olduqdan sonra koma vəziyyətində ABŞ-a qaytarılan amerikalı tələbə Otto Uarmbiyer Sinsinnatti xəstəxanasında dünyasını dəyişmişdi.
Həkimlər 22 yaşlı Uarmbiyerin Şimali Koreyada olduğu müddətdə ciddi beyin zədəsi aldığını bildirib. Lakin həkimlər buna nəyin səbəb olduğunu aydınlaşdıra bilməyib.
Hökuməti ödəməyə məcbur etməyin bir mexanizmi olmadığına görə, Şimali Koreyanın 500 milyon dollarlıq pul cəzasını ödəyəcəyi real görünmir.