Cənubi Koreyanın müdafiə rəsmisi Şimali Koreyanın cümə axşamı dənizə iki raket atdıqdan sonra Seulun Şimali Koreyanın hərəkətlərini yaxından izlədiyini deyib.
Raketlərin buraxılması çox güman ki, Pxenyanın ABŞ ilə nüvə danışıqlarına təsir imkanlarını artırmaq məqsədi daşıyır.
Cənubi Koreya hərbi qüvvələri raketlərin Şimali Koreyanın şərqində yerləşən Vonsan şəhəri yaxınlığından atıldığını söyləyib.
“Bu məsələ ilə əlaqədar olaraq, Kim Conq Un raketlərin buraxıldığı şəhərin yaxın ərazilərinə gəlib və ictimai fəaliyyətlərdə iştirak edib. Biz bu xronologiyanı yaxından izləyirik”, deyə Cənubi Koreyanın baş gərərgah rəisinin sözçüsü deyib.
Ötən həftə Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə planlı hərbi təlimlərini davam edəcəyi təqdirdə, Pxenyanın qitələrarası ballistik raket buraxılışını və nüvə silahlarını bərpa edəcəyini bildirib.
Prezident Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un keçən ay iki Koreyanı ayıran demilitarizasiya zonasında görüşüb və danışıqların bərpasına dair razılıq əldə ediblər.
ABŞ son raket buraxılışına münasibət bildirməyib.
Kim 2018-ci ilin aprelində nüvə və qitələrarası ballistik raket sınaqlarına moratorium elan edib. Lakin buna baxmayaraq, Pxenyan may ayında bir neçə qısamənzilli ballistik raket buraxıb.