Accessibility links

Qarabağda şiddətli döyüşlər davam edir


Noyabrın 5-də Azərbaycan və Ermənistan qoşunları arasında şiddətli döyüşlər davam etməkdədir. Tərəflər bir-birini humanitar atəşkəsi pozmaqda günahlandırır. Hər iki tərəfdən itkilər var.

Azərbyaycan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 4-ü gün ərzində və 5-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

“Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnika itkiləri verərək geri çəkilməyə məcbur edilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir,” nazirlik bildirir.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri həmçinin noyabrın 5-də Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutur.

“Noyabrın 4-ü axşam saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri və Goranboy, Tərtər, Ağcabədi rayonunda mülki yaşayış məntələrimiz düşmən tərəfindən fasilələrlə atəşə tutulur,” nazirlik qeyd edir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan bildirib ki, noyabrın 4-də gün ərzində Azərbaycan Silahlı Qüvvələri bir neçə istiqamətdə, o cümlədən Qarabağ münaqişəsi zonasında cəbhə xəttinin şimal və şimal-şərq istiqamətlərində hücuma cəhd edib.

“Lakin bu hücum cəhdləri uğursuz olub. Döyüşlər cənub istiqamətində, Vorotan (Bərgüşad) çayı boyunca aparılıb. Bir qrup Azərbaycan hərbçisi hücuma cəhd göstərib, lakin 2-3 zirehli döyüş maşını itirərək geri çəkilib. Düşmən döyüşlər zamanı təyyarələrdən və artilleriyadan istifadə edib. Bir sıra istiqmətlərdə sıx atəş altında hücuma cəhd göstərilib. Bunlara baxmayaraq hazırda cəbhə xəttindəki gərginlik 15 gün əvvəlki ilə müqayisədə bir qədər səngiyib. Ermənistan gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin üç pilotsuz uçuş təyyarəsini vurub,” o qeyd edib.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Laçın magistral yolunun təhlükəsizlik səbəbi ilə vətəndaşlar üçün müvəqqəti bağlandığını bildirib. Onun sözlərinə görə, Şuşa-Laçın magistral yolunun yaxınlığında noyabrın 4-də hücum edən bir qrup zərərsizləşdirilib.

“Müdafiə Ordusu”nun əməliyyatı ilə əlaqədar olaraq yolun Şuşi (Şuşa)-Berdzor (Laçın) hissəsi mülki şəxslərin hərəkəti üçün müvəqqəti bağlanıb. Bu gün bir qrupu zərərsizləşdirdik, ancaq bəzi yeni təhdidlər ola bilər, buna görə riskə getmək istəmirik. Artsaxı (Qarabağı) Ermənistanla birləşdirən iki və ya üç yol var, mülki insanlar bunlardan istifadə edə bilərlər," o deyib.

Hovanisyan insanların Zod-Kəlbəcər yolundan istifadəsinin təhlükəsiz olduğunu deyib.

“Məhz, bu marşrutdan keçərək sakitcə Qarabağa getmək olar,” o deyib.

Ermənistan Sərhəd Qoşunları isə ölkənin sərhədləri daxilində müxtəlif istiamətlərdə Azərbaycanın 4 pilotsuz uçuş aparatını vurduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin pilotsuz uçuş aparatlarını vurması ilə bağlı məlumatlarını təkzib edib.

“Azərbaycana məxsus pilotsuz uçuş aparatlarının (PUA) Ermənistan Hərbi Hava Müdafiəsi bölmələri tərəfindən vurulması barədə düşmən tərəfinin yaydığı məlumatlar yalandır. Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir,” nazirliyin məlumatında deyilir.

Noyabrın 4-də Qarabağın erməni icmasının lideri Araik Arutyunyan facebook səhifəsində tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın administrasiyasının Yerevana köçürüldüyünü yazıb.

“Qarabağdan Ermənistana köçən erməni icmasının bütün sosial, yaşayış problemləri ilə Yerevandakı qərargah məşğul olacaq,” o, bəyan edib.

Bu arada özünü Stepanakert (Xankəndi) şəhərinin meri kimi təqdim edən David Sarkisyan hazırda bu şəhərdə 17,000 insanın qaldığını bildirib. Onun sözləriə görə, Xankəndi şəhərinin ümumilikdə 56 min sakini olub və əhalinin əksəriyyəti Ermənistana gedib.

"Hazırda şəhərdə əhalinin 30 faizi qalıb, onlar sığınacaqlarda yaşayır," o deyib.

Hər iki tərəf gün ərzində ərazilərdəki mülki yaşayış məntəqələrinin atəşə tutulması barədə məlumat yayıb.

Azərbaycan Baş Prokuroru bildirib ki, sentyabrın 27-dən noyabrın 4-dək Azərbaycanın ümumilikdə 91 mülki vətəndaşı həlak olub, 405 nəfər yaralanıb, 2734 yaşayış evinə, 98 çoxmərtəbəli binaya, 500 mülki infrastruktur obyektinə, minlərlə nəqliyyat vasitəsinə ziyan dəyib.

Ermənistanın ombudsmanı Аrman Tatoyan bildirib ki, sentyabrın 27-dən indiyədək ümumilikdə 50 mülki şəxs həlak olub, 148 nəfər yaralanıb. Amma, bu məlumat müstəqil ekspertlər tərəfindən təsdiq edilməyib.

Hərbi itkilərə gəlincə, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.

"Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır," Putun qeyd edib.

Ermənistan oktyabrın 29-dan noyabrın 2-dək hərbi itkiləri barədə məlumat yaymayıb. Yalnız, noyabrın 2-də 11 hərbiçisinin, o cümlədən tanınmamış “Dağlıq Qarabağın müdafiə nazirinin” iki müavininin həlak olduğunu bildirib. Bundan sonra noyabrın 5-dək yenə hərbi itkiləri barədə məlumat yaymayıb. Beləliklə, rəsmi məlumatların yekunu olaraq Ermənistan Ordusu 1177 hərbiçisini itirib. Lakin bu məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatına görə, noyabrın 4-də cəbhəboyu ərazilərdə 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 1 ədəd 9N235 bombacığı və 30 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 2 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 122 mm-lik top mərmisinin partladıcısı zərərsizləşdirilib.

“Ümumilikdə hərbi əməliyyatların davam etdiyi 27 sentyabr – 04 noyabr tarixlərində 318 ədəd partlamamış hərbi sursat (PHS),1 627 ədəd piyada əleyhinə mina, 276 ədəd tank əleyhinə mina, 460 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 174 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 21 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 753 ədəd partlamış raket hissələri aşkar olunub,“ məlumatda deyilir.

​2020-ci il sentyabrın 27-də qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində intensiv döyüş əməliyyatları başlanıb. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

XS
SM
MD
LG