Accessibility links

Şahin Hacıyev: “Qarabağ məsələsində erməni ictimaiyyətinin fikri hökumətin fikrindən sərtdir”


Şahin Hacıyev: “Qarabağ məsələsində erməni ictimaiyyətinin fikri hökumətin fikrindən sərtdir”
please wait

No media source currently available

0:00 0:07:19 0:00

Şahin Hacıyev: “Qarabağ məsələsində erməni ictimaiyyətinin fikri hökumətin fikrindən sərtdir”

Turan agentliyinin redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində Ermənistana səfəri zamanı müşahidələrindən danışıb.

Amerikanın Səsi: Siz son illər Ermənistana səfər edən yeganə Azərbaycan jurnalistisiniz. Ermənistanda Azərbaycana qarşı ictimai fikri necə xarakterizə edərdiniz?

Şahin Hacıyev: Qısa desək, fikir, münasibət kifayət qədər mənfidir. Onun da müxtəlif səbəbləri var. Ermənistana səfərimin əsas məqsədi isə ondan ibarət idi ki, Ermənistanda hökumət dəyişməsindən sonra ictimai rəydə hansısa bir dəyişiklik baş verib, ya yox, onu öyrənmək.Əvvələ qayıdaraq, təkrar edə bilərəm ki, təəssüf ki, belə bir ciddi dəyişiklik görmədim. Hətta deyə bilərəm ki, rəsmi münasibət daha mülayimdir, daha yumşaqdır, nəinki geniş ictimaiyyətin fikri.

Şahin Hacıyev: “Qarabağ məsələsində erməni ictimaiyyətinin fikri hökumətin fikrindən sərtdir”
Şahin Hacıyev: “Qarabağ məsələsində erməni ictimaiyyətinin fikri hökumətin fikrindən sərtdir”

Amerikanın Səsi: Rəsmi orqanların münasibəti necədir? İctimai münasibətlə rəsmi orqanların münasibəti arasında fərq var? Ermənistan tərəfi hansı kompromislərə gedə bilər?

Müşavirin söhbətindən də belə hiss etmək olar ki, erməni ictimaiyyəti, erməni hökuməti hansısa ciddi bir kompromisə hazır deyil. Mənə deyildiklərini deyə bilərəm ki, onlar biz tərəfdən kompromis gözləyirlər.

Şahin Hacıyev: Rəsmi tərəf barədə şərti danışa bilərəm. Çünki yalnız prezidentin müşavirindən başqa rəsmi səviyyədə demək olar ki, görüşlər olmadı. Yəni, Xarici İşlər Nazirliyində və yaxud hökumətdə heç bir görüş ala bilmədim. Müşavirin söhbətindən də belə hiss etmək olar ki, erməni ictimaiyyəti, erməni hökuməti hansısa ciddi bir kompromisə hazır deyil. Mənə deyildiklərini deyə bilərəm ki, onlar biz tərəfdən kompromis gözləyirlər. Məni təəccübləndirən nə oldu? Biz fikirləşdiyimiz, mərhələli sülhün real olması haqqında bu gün danışmaq mümkün deyil. Bu, hər halda, məndə olan təəssüratdır. Onu da deyim ki, geniş ictimaiyyətin fikri, mövqeyi daha sərtdir, nəinki hökumətin. Həmsöhbətlərim həm siyasətçilər, həm ekspertlər, az da olsa həm də hərbiçilər idi. Onların hamısı bir ağızdan deyirlər ki, “biz heç bir kompromisə getməyəcəyik və nəinki Qarabağ, onun ətrafındakı rayonların da azad olunmasından söhbət gedə bilməz”. Odur ki, təəssüf ki, hansısa bir müsbət dəyişiklik görmədim.

Amerikanın Səsi: Belə olan halda, danışıqların perspektivləri nə qədər realdır?

Şahin Hacıyev: Bunun reallığı çox aşağıdır. Məsələ bundadır ki, biz Ermənistanda baş verən hökumət dəyişikliyini bir cür başa düşürük, bir cür anlayırıq, bir cür təhlil edirik. Amma əslində bu, başqa cürdür. Yəni, bizdə belə fikir formalaşmışdı ki, Sarkisyan rejimi əhalini bezdirib, onlar sülh istəyir, Sarkisyan isə bunun əleyhinədir. Bu, hərbi xuntadır və s. Bizdə düşünürdülər ki, xalq bunları devirəndən sonra elə bil ki, sülhə can atacaq. Amma ki bu, belə deyil. Yəni, bu məsələdə, Qarabağ məsələsində erməni cəmiyyəti yekdildir. Onların Serj Sarkisyan ​hakimiyyətinə qarşı olan mənfi reaksiyasının səbəbləri başqadır. Bunlar ilk növbədə korrupsiyadır, insan haqılarının pozulmasıdır və ölkənin ağır iqtisadi-sosial durumudur. Erməni əhali hesab edir ki, bu problemlər ilk növbədə hakimiyyətin qüsurunun nəticəsidir. Amma erməni cəmiyyəti münaqişəni hökumətin deyil, ümummilli problem hesab edir. Yəni, tarixi olaraq Azərbaycan və Türkiyə ilə olan konflikti sayır. Bu barədə də onlarla mübahisə etmək, nə də onları inandırmaq demək olar ki, mümkün deyil.

Amerikanın Səsi: İki ölkənin xarici işlər nazirlərinin son görüşündə xalqları sülhə hazırlamaq məsələsi gündəlikdə olub. İndiki anda bu, nə qədər realdır? Xalqları sülhə hazırlamaq üçün nə etmək lazımdır?

Açıq desək, xalqları sülhə hazırlamaq indi bir az fantastik kimi görünür. Təbii ki, bunu etmək lazımdır. Hansısa addımlar atılmalıdır.

Şahin Hacıyev: Açıq desək, xalqları sülhə hazırlamaq indi bir az fantastik kimi görünür. Təbii ki, bunu etmək lazımdır. Hansısa addımlar atılmalıdır. Amma bunun o saat bir nəticə verəcəyinə, yaxud da nəyəsə nail olmağın mümkünlüyünə inanmaq olmaz. Söhbət nədən gedə bilər. İkitərəfli səfərlərdən. Vətəndaş cəmiyyətləri arasında əlaqələrdən, nəyinsə müzakirəsindən. Lakin bu, məsələnin həll olunmasına belə deyək, çox cüzi təsir göstərəcək. Dediyim kimi, mövqe belədir ki, “ölərik, lakin geri dönmərik. Biz bu məhrumiyyətlərə, çətinliklərə hazırıq. Biz bundan qorxmuruq”. Prezidentin müşavirinin mənə dediyi kimi, “biz 70 il gözləyirdik ki, Qarabağı geri alaq. Ona nail olduq. Lap indi siz müharibə eləsəniz də, torpaqları geri alsanız da vaxt gələcək, biz o torpaqları yenidən sizdən alacağıq”. Yəni ab-hava, münasibət bu cürdür.

Amerikanın Səsi: Bəs, sizcə, sülh yaxındadır?

​Mən deməzdim sülh yaxındır. Amma bir şey də var ki, erməni xalqının mentaliteti belədir ki, əziyyət çəkmək onlar üçün daha rahatdır,nəinki nəyəsə yaxşılıqla nail olmaq. Misal üçün, mən demək olar ki, eyni sual verirdim. “Anlayırsınızmı yeni müharibə olsa, siz o əraziləri itirə bilərsiniz? İndi siz onları bizə verərək elə bil ki, əvəzində nəsə ala bilərsiniz. Amma hərbi yolla itirsəniz heç nə almayacaqsınız. Siz bunu dərk edirsinizmi? Bu riskə getməyə hazırsınızmı?” Təəssüf ki, cavabları müsbət idi. “Bəli, biz əziyyət çəkməyə hazırıq. Amma biz öz mövqeyimizdən dönməyəcəyik”. Mən deyə bilmərəm ki, bu 100 faiz erməni cəmiyyətinin fikridir, bütün xalq bu fikirdədir. Yəqin ki, yox. Amma əksəriyyəti məhz belə düşünür.

XS
SM
MD
LG