Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində 2020-ci ildə Azərbaycanda media azadlığının durumundan danışıb.
Amerikanın Səsi: 2020-ci il üzrə ölkədə media azadlığının yekunlarını necə qiymətləndirərdiniz?
Medianın vəziyyətində təxminən son beş il ərzində heç bir ciddi müsbət dəyişiklik baş verməyib.
Şahin Hacıyev: Yekunlar deyəndə, medianın vəziyyətində təxminən son beş il ərzində heç bir ciddi müsbət dəyişiklik baş verməyib. Yəni, ağır durum necə var idi, elə də qalıb. Bu il əlavə problem ondan ibarət idi ki, pandemiya probleminə görə, fəaliyyət xeyli məhdudlaşdı. Ondan da əlavə İkinci Qarabağ Müharibəsi dövründə internetin xeyli məhdudlaşdırılmasını müşahidə etdik. Bu da jurnalistlərin işinə əlavə bir problem oldu. Digər, indiyəcən mövcud olan problemləri də nəzərə alsaq, ümumən demək olar ki, vəziyyət bir az da ağırlaşdı.
Amerikanın Səsi: Amma bununla yanaşı hökumətin media ilə məşğul olan kadrları dəyişdi. Prezident yanında Kütləvi İnformasiya Vasiyələrinə Dəstək Fondunun rəhbərliyi də dəyişdi. Bunlar mətbuat azadlığı sahəsində yeniliklər gətirə bildilərmi?
Kadr dəyişməsi təəssüf ki, siyasətin dəyişməsinə gətirib çıxarmadı.
Şahin Hacıyev: Xeyr, bir yenilik olmadı. Kadr dəyişməsi təəssüf ki, siyasətin dəyişməsinə gətirib çıxarmadı. Yəni siyasət də ondan ibarətdir ki, dövlət tərəfində olan, dövlətin xəttini müdafiə edən, sadə dildə desək, dövlətə işləyən KİV-lər indiyəcən dəstək alıb və bundan sonra da alacaq. Odur ki, kadr dəyişməsi bu siyasətə heç bir dəyişiklik gətirmədi. Ona görə də söz azadlığı, yaxud ifadə azadlığı sahəsində müsbət cəhətdən heç bir dəyişiklik baş vermədi.
Amerikanın Səsi: Amma gəlin etitaf edək ki, televiziya sahəsində müəyyən dəyişikliklər vaş verib. Bunlar televiziyalarda verilişlərin məzmun dəyişikliklərinə səbəb ola bilibmi?
Şahin Hacıyev: Bəli, bu dəyişikliklər baş verib. Xüsusən də İctimai Televiziyada bu baş verib. Burada da maraq sahəsini götürəndə, daha geniş, misal üçün, daha çox ictimai-siyasi mövzular gündəmdədir, lakin alternativ fikir yenə də xeyli məhduddur. Yəni, çox ciddi senzura var. Odur ki, hansısa bir prinsipial dəyişikliklərdən, yaxud vəziyyətin tamamilə dəyişməsindən danışa bilmərik.
Amerikanın Səsi: Bəs beynəlxalq qiymətləndirmələrdə necə, Azərbaycanla bağlı qiymətləndirmələrdə nə dəyişib?
Ümumən tənqidləri həmişə mənfi qiymətləndirən rəsmi Bakı, özünə əl verəndə həmin təşkilatlara istinad edir.
Şahin Hacıyev: Orada heç nə dəyişməyib. Tənqid necə var idi, elə də qalıb. Çünki, jurnalistlərin hüquqlarının pozulması davam edir, tənqidlər və ölkənin mətbuat sahəsində ümumi reytinqi çox aşağı səviyyədə necə var idi, elə də qalır. Ona görə də beynəlxalq qurumlar tərəfdən hansısa prinsipial bir dəyişmə baş verməyib. Rəsmi Bakının münasibəti çox maraqlıdır. Ümumən tənqidləri həmişə mənfi qiymətləndirən rəsmi Bakı, özünə əl verəndə həmin təşkilatlara istinad edir. Misal üçün, indiyədək Sərhədsiz Reportyorları qeyri-obyektiv adlandıran rəsmi Bakı Qarabağdaraket hücumuna məruz qalan Euronews komandası haqqında bu təşkilatın bəyanatını çox müsbət qəbul etdi. Daha sonra Fransa telekanalının müxbirinin reportajını ermənilər tənqid edəndə yenə də Sərhədsiz Reportyorların bəyanatını səsləndirdi. Onu obyektiv münasibət kimi təqdim etdi. Odur ki, rəsmi Bakının münasibətində bir ciddi dəyişiklik baş verməyib.
Amerikanın Səsi: Fikrinizcə 2021-ci ildə Azərbaycan hökumətinin media siyasətində nə dəyişklik baş verə bilər?
Şahin Hacıyev: Hansısa dəyişiklik baş verməsi üçün gərək hansısa əasas olsun. Hələ ki, buna təsir edəcək, məcbur edəcək elə bir əsas, yaxud da faktor yoxdur. Yaxud da indidən nəsə planlaşdırılır vəgözlənilir ki, bunun bir nəticəsi olacaq, elə bir faktor görünümr. Odur ki, mən ciddi bir dəyişiklik gözləmirəm.
Qeyd: Azərbaycan hökuməti bir qayda olaraq media azadlığı ilə bağlı tənqidləri qərəzli sayır. Ölkə rəhbərləri fundamental azadlıqların, o cümlədən söz, fikir, meda azadlığının tam təmin edilyini bəyan edir. Rəsmilərin dediyinə görə, hökumət jurnalistlərin fəaliyyəti üçün hər cür şərait yaradıb, media orqanlarına maddi yardım edir və bir çox jurnalistlər dövlət hesabına mənzillərlə təmin olunub.
Bununla yanaşı, beynəlxalq media azadlığı indeksinə görə, 180 ölkə arasında 168-ci yerdə qərarlaşıb.