Accessibility links

İranın Şərqi Azərbaycan məhkəməsi türk fəalı 3 ay həbsə məhkum edib


Keçən ilin noyabr ayında Təbrizdə təşkil olunan kütləvi etirazlar zamanı nəzarət altına alınan milli fəal Ruzbeh Piri üç ay həbsə məhkum olunub.

İran İnqilab Məhkəməsi daha əvvəl “rejimə qarşı təbliğat” ittihamı ilə mühakimə etdiyi Ruzbeh Pirini 10 ay həbsə məhkum etmişdi.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyini bildirdiyinə görə, Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsi həbs cəzasını 3 aya endirib.

Ruzbeh Piri qardaşı Yaşar Piri ilə birlikdə keçən ilin noyabr ayında artan benzin qiymətinə qarşı etirazlara qatılmaq ittihamı ilə saxlanılmışdı.

Piri qardaşları İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik qurumunun həbsxanası və Təbrizin mərkəzi həbsxanasında təqribən 3 ay saxlanıldıqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Həmin etirazlarda nəzarət altına alınan türk fəal Məhəmməd Mahmudi isə keçən həftə Təbriz İnqilab Məhkəməsi tərəfindən 4 ay həbsə məhkum edildi.

2019-cu ilin noyabrında İranda benzinin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.

XS
SM
MD
LG