Ümumdünya Səhiyyə Təşkilatı cümə günü qlobal səviyyədə koronavirusa yoluxma hallarında rekord rəqəmin qeydə alındığını bildirir. Belə ki, pandemiya başlayandan bəri ilk dəfə dünya üzrə bir gün ərzində 292,527 yeni yoluxma halı aşkar edilib.
Gündəlik aşkar edilmiş yoluxmaların sayında ən böyük artım ABŞ, Braziliya, Hindistan və Cənubi Afrikanın payına düşür. Gündəlik qlobal ölüm sayı da artmaqdadır- 6812 nəfər. Hazırda adı çəkilən bu dörd ölkə qlobal yoluxmalarda öndə gəlir.
Bundan əvvəl qlobal gündəlik rekord 24 iyul tarixində qeydə alınmışdı - 284,196. Həmin gün ölüm sayları da ən yüksək həddə 9753-ə çatmışdı. İyul ayında hər gün orta hesabla 4600-5200 arası ölüm halı qeydə alınırdı.
Bununla bəabər 40-a yaxın ölkə son bir həftə ərzində virusa günlük yoluxmalarda artımın müşahidə olunduğunu xəbər verir. Reuters agentliyi bildirir ki, dünyanın bütün bölgələrində pandemiya ilə mübarizə aparılır.
Hazırda yoluxmaların artdığı ölkələr sırasında Avstraliya, Yaponiya, Honq Konq, Boliviya, Sudan, Efiopiya, Bolqarıstan, Belçika, Özbəkistan və İsrail də var.
Digər tərəfdən isə keçən həftə ilk dəfə olaraq Latın Amerikasında qeydə alınmış yolixma hallatı ABŞ və Kanadanı üstələyib.
Hazırda isə Braziliya ölüm və yoluxma halları ilə ABŞ-dan sonra ikinci yerdə sıralanıb.
Reuters agentliyi xəbər verir ki, dünya boyu koronavirusa 17,4 milyon insan yoluxub. Ölənlərin ümumi sayı isə 675,000-dir.