Çin rəsmilərinə əsasən, ölkədə koronavirus səbəbi ilə 56 nəfər ölüb.
Çində təxminən 2000 nəfər ölümlə nəticələnə bilən xəstəliyə yoluxub.
Çinin Milli Səhiyyə Komissiyasının naziri Ma Şiaovey bazar günü inkubasiya müddəti bir gündən 14 günə qədər olan virus haqda məlumatın az olduğunu deyib. Onun bildirdiyinə görə, virus inkubasiya dövründə yoluxucu olur və daha asanlıqla yayılır. O bildirib ki, virusa yoluxma hallarının artacağı gözlənilir.
Çin şənbə günü 688 yeni yoluxma halının qeyd edildiyini bidirib. Birləşmiş Ştatlar rəsmiləri isə ölkədə üçüncü koronoavirusa yoluxma halının qeyd edildiyini təsdiq ediblər. Çinin Uhan şəhərindən səfər edən koronavirusa yoluxmuş üçüncü şəxs hazırda Kaliforniya ştatının cənub bölgəsindədir.
Çin prezidenti Şi Tsinpin koronavirus səbəbi ilə ölüm hallarının artması xəbərlərini şərh edərək, Çinin “ağır bir vəziyyətlə” qarşılaşdığını deyib. O, tibb mütəxəssislərinin və resursların ağır xəstələrin müalicə edildiyi xüsusi xəstəxənalara cəlb edildiyini bildirib.
Virusun keçən il Çinin mərkəzi bölgəsində Hubey vilayətinin paytaxtı Uhanda qeyri-qanuni olaraq vəhşi heyvanların satıldığı dəniz məhsulları bazarında medana gəldiyinə inanılır.
Çin hökuməti bazar günü ölkə üzrə vəhşi heyvanların satışına qadağa qoyulduğunu elan edib.
Virusun yayılmasının qarşısını almaq üçün Uhan və Çinin ondan çox şəhəri təcrid edilib.
Epidemiya Çində Yeni il şənliklərinin başladığı dövrə təsadüf edir. Virusun yayılması səbəbi ilə on milyonlarla insan bayram tədbirlərini təxirə salmalı olub, bir çox turist məkanları və məktəblər bağlanıb.
İctimai nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb.
Birləşmiş Ştatlar Amerika diplomatları və vətəndaşlarının Uhandan çıxarılmasını planlaşdırdığını bildirib.
Fransa və Rusiya da Uhandan vətəndaşları çıxarmağı planlaşdırır.
Koronavirusa yoluxma halları ABŞ, Avstraliya, Kanada, Fransa, Filippin, Honq Konq, Yaponiya, Makao, Malayziya, Nepal, Portuqaliya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tayland, və Vyetnamda qeydə alınıb.