Accessibility links

Azərbaycan və Avropa İttifaqı Orta Dəhlizin inkişafını müzakirə edib


Rəşad Nəbiyev və Gert Yan Kupman (Mənbə: Azərbaycanın Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi )
Rəşad Nəbiyev və Gert Yan Kupman (Mənbə: Azərbaycanın Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi )

Azərbaycan və Avropa İttifaqı Orta Dəhlizin inkişafı məsələlərini müzakirə edib.

Bu bardə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mayın 4-də Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupmanla görüşündən sonra X şəbəkəsində yazıb.

"Ölkəmizdə səfərdə olan Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupmanla görüşdük. Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığı, xüsusilə Orta Dəhlizin inkişafı məsələlərini müzakirə etdik", deyə o qeyd edib.

Avropa Komissiyasının məlumatında deyilir ki, Rusiyanın Ukraynaya təcavüzü Avropa və Asiya arasında Rusiyadan tranzit keçməyən alternativ etibarlı və səmərəli ticarət yollarının tapılmasının vacibliyini gündəmə gətirib.

Belə ki, bu il yanvarın 29-da Brüsseldə Avropa, Mərkəzi Asiya və onun hüdudlarından kənar hökumətləri, maliyyə institutlarını, biznesləri və vətəndaş cəmiyyətini bir araya gətirən Avropa İttifaqı (Aİ)-Mərkəzi Asiya Nəqliyyat Bağlantısı üzrə Qlobal Tranzit İnvestorlar Forumu keçirlib.

Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis forumda iştirak edən Avropa və beynəlxalq maliyyə qurumlarının Mərkəzi Asiyada dayanıqlı nəqliyyat bağlantısına dəstək və investisiyalar üçün 10 milyard avro ayıracaqlarını açıqlayıb.

Onun sözlərinə görə, Transxəzər Nəqliyyat Dəhlizinin 15 gün ərzində Avropa və Mərkəzi Asiyanı birləşdirən ən müasir, multimodal və səmərəli marşruta çevrilməsi üçün tələb olunan investisiyalar cəlb ediləcək.

Avropa Komissiyası bildirib ki, forumda ümumi məbləği 10 milyard avronun bir hissəsi kimi bir sıra mühüm öhdəliklər götürülüb.

“Bunlara daxildir: Avropa İnvestisiya Bankı (AİB), Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri, habelə Qazaxıstan İnkişaf Bankı ilə ümumi dəyəri 1,47 milyard avro olan anlaşma memorandumları imzalayıb. Bu kreditlər Avropa Komissiyasının təminatları hesabına mümkün olacaq”, məlumatda qeyd edilir.

Şərq-Qərb dəhlizi (Mənbə: Azərbaycan Dəmir Yolları QSC)
Şərq-Qərb dəhlizi (Mənbə: Azərbaycan Dəmir Yolları QSC)

Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG