Accessibility links

İlham Əliyev Azərbaycanda sərhədlərin açıq rejimdə işləməməsinin səbəblərinə toxunub


Azərbaycanın Rusiya ilə quru sərhəd-keçid məntəqəsi
Azərbaycanın Rusiya ilə quru sərhəd-keçid məntəqəsi

Prezident İlham Əliyev Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib.

"Sərhədləri bağlı saxlamaq qərarı COVİD-ə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Eyni zamanda, açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır".

Əliyev bu barədə aprelin 23-də, ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirlən beynəlxalq forumda bildirib.

"Xüsusilə də indiki zamanda. Şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələr də yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır."

O, sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini deyib.

"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb. Milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədləri bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır", o qeyd edib.

Xatırladaq ki, Azərbaycanın siyasi müxalifəti quru sərhədlərinin açılmasını vacib sayır. Onların düşündüyünə görə, quru sərhədlərin açılması ölkənin iqtisadi və turizm gəlirlərinə müsbət mənada ciddi töhfələr verə bilər. Müxalif fəallar quru sərhədlərin açılması tələbi ilə aksiyalar da keçirib.

Respublikaçı Alternativ (REAL) Partiyasının icra katibi Natiq Cəfərli bildirib ki, Prezident nəhayət quru sərhədlərinin bağlı qalmasının "pandemiya" ilə əlaqəsinin olmadığını etiraf edib.

“Amma "təhlükəsizliklə" əlaqəsini izah etmədi. Azərbaycan kifayət qədər güclü ölkədir, məncə, öz təhlükəsizliyini açıq sərhəd rejimində də qoruya bilər. Quru sərhədlər "kanvansaray" deyil, oradan keçərkən ciddi yoxlamalar olur, yük və sənədlər yoxlanılır, hava limanı ilə eyni prosedurdur, ona görə də bu arqument suallar doğurur. Məmləkətimiz qonşulardan güclüdür, elə deyil?! Necə ola bilər ki, onlar açıq sərhədlərlə öz təhlükəsizliyini qoruya bilir, amma biz yox?! Bu suallara da cavab tapılmalıdır”, o qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı bəlli olduqdan sonra 2020-ci il fevralın 28-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Hökumətin qərarına görə, xüsusi karantin rejimi 2024-cü il iyulun 1-dək davam edəcək. Ölkənin quru sərhədləri də piyadaların keçidi üçün iyulun 1-dək bağlı olacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG