Accessibility links

Səhiyyə Nazirliyinin infeksionisti: Azərbaycanda omikronun yeni ştammının və donuz qripinin yayılmasının təsdiqi yoxdur


Arxif fotosu - 2022-ci il yanvarın 15-də çəkilmiş bu fotoda COVID-19-un Omicron variantının "müsbət" test nəticəsi yazılan sınaq boruları göstərilir.
Arxif fotosu - 2022-ci il yanvarın 15-də çəkilmiş bu fotoda COVID-19-un Omicron variantının "müsbət" test nəticəsi yazılan sınaq boruları göstərilir.

“Hazırda Omikronun yeni ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur.”

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssis- infeksionisti Təyyar Eyvazovun nazirliyin saytında dərc olunmuş müsahibəsində deyilir.

Onun sözlərinə görə, artıq 30-a yaxın ölkədə Omikron XBB. 1.5 alttip yayılmaqdadır.

“Yeni yarandığı üçün hələlik bu ştam haqqında bilgilər məhduddur. Qeyd olunur ki, Omikronun digər variantları ilə müqayisədə daha sürətli yayılmaq xüsusiyyətinə malik olsa da, xəstəlik törətmək qabiliyyətinə görə bir o qədər də fərqlənmir. Müxtəlif ölkələrdə virusa qarşı fərqli immunlaşma səviyyəsi mövcud olduğundan bu variantın bütün ölkələrdə yeni bir dalğaya səbəb olacağını proqnozlaşdırmaq çətindir. Ehtimal var ki, məhz kütləvi immunitetin aşağı olan ölkələrdə biz bunu müşahidə edəcəyik" o deyib.

Bununla belə, infeksionist koronavirusa qarşı immuniteti olmayan və ya immuniteti zəif olan şəxslərə, eləcə də ağır xroniki xəstəlikləri olan şəxslərə, yaşlılara diqqətli olmağı tövsiyə edir.

O deyir ki, risk qrupunda olan şəxslər təması azaltmalı, peyvənd və təkrar peyvənd olunmalıdır.

Eyvazov həmçinin donuz qripinə (H1N1) yoluxma ilə bağlı təsdiqlənmiş halların olmadığını bildirib.

Onun sözlərinə görə, son günlər əhali arasında hərarət, baş ağrıları, ümimi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi əlamətlərlə müşayiət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir.

“Son 3 ildə infeksiyadan qorunmaq üçün əhali arasında “koronavirus davranışı”, yəni təmasların sayının məhdudlaşdırılması, qapalı məkanlarda, ictimai nəqliyyatda maskanın geyilməsi, əl və respirator gigiyena qaydalarına əməl olunması, otaqların tez-tez havalandırılması, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri formalaşıb. Risk qrupuna daxil olan şəxslərin qripə qarşı peyvənd olunması israrla tövsiyə olunur. Bunun üçün ərazi üzrə klinikaya müraciət etməlisiniz,” Təyyar Eyvazov deyib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Hazırda Azərbaycanda bütün qadağalar ləğv edilib. Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası başlayandan bağlanıb.

Hazırda dünyanın bir çox ölkəsi quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir.

Son illər yüzlərlə Azərbaycan vətəndaşı Rusiya ilə quru sərhədini keçə bilmədiyindən bu ölkədəki düşərgələrdə aylarla gözləməli olub. Təyyarə biletləri isə çox baha olduğundan bir çox insan üçün əlçatımlı deyil.

XS
SM
MD
LG