Accessibility links

Ceyms Uorlik: Azərbaycan və Ermənistan liderlərinin birbaşa danışıqları davam etdirəcəyinə ümid edirəm


Ceyms Uorlik: Azərbaycan və Ermənistan liderlərinin birbaşa danışıqları davam etdirəcəyinə ümid edirəm
please wait

No media source currently available

0:00 0:09:07 0:00

ABŞ dövlət katibi Antoni Blinken keçən həftə sonu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. ABŞ Dövlət Departamenti görüşlər zamanı Ermənıstan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsi səylərinin müzakirə edildiyini və dövlət katibinin əvvəlkı danışıqlara əsaslanaraq, ABŞ-ın bu səylərin uğurla başa çatması üçün dəstəyini təkrarladığı qeyd edib. ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə Münhendə üçtərəfli və ikitərəfli görüşlər, eləcə də Birləşmiş Ştatların sülh prosesində səylərini şərh edib.

Amerikanın Səsi: Dövlət katibi Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində prezident Əliyev və baş nazir Nikol Paşinyanla görüşərək, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh sazişinin əldə edilməsi səylərini müzakirə edib. Bununla yanaşı, Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə üçtərəfli görüşdə uzunmüddətli sülhə nail olunması üçün Avropanın səyləri müzakirə edilib. Almaniya kansleri bildirib ki, hər iki lider yeni zorakılıq olmadan fikir ayrılıqlarını həll etməyə razılaşıblar. Siz bu görüşlər barədə nə düşünürsünüz? Bu bəyanatlar nə dərəcədə ümidvericidir?

Ceyms Uorlik: Dövlət katibi Blinken və kansler Scholtzun iki liderlə görüşə bilməsi çox müsbət addımdır və hesab edirəm ki, onların bir daha zorakılığa yol verməməkdə qərarlı olduqlarını bəyan etməsi ümidvericidir. Amma bu görüş liderlər arasında fikir ayrılığı olan məqamları həll etmir. Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsi, sülh sazişi istiqamətində çalışması və bütün tərəflərin hörmət edə biləcəyi nizamlanmanı təmin etməsi vacibdir.

Amerikanın Səsi: Bu görüşlər Ermənistan-Azərbaycan sərhədində son gərginliyin iki ölkə arasında yeni münaqişə ehtimalı ilə bağlı narahatlıqların artmasına səbəb olmasından sonra baş tutub. Bu məqamda sülhün əldə edilməsi qarşısında ən böyük çətinliklər nədən ibarətdir? Eyni zamanda, ABŞ və Avropa İttifaqı liderləri hər iki ölkədən hansı nəticələr gözləyir?

Ceyms Uorlik: Düşünürəm ki, həllini tapmamış bəzi məsələlər var ki, onlar həll edilməlidir. Azərbaycan üçün ən önəmli məsələ göründüyü kimi, Naxçıvana quru dəhlizin yaradılmasıdır və Ermənistan bu öhdəliyi öz üzərinə götürüb. Bunun təfərrüatları üzərində işləmək lazımdır. Ermənistan Azərbaycanın quruda bu dəhlizə malik olması üçün ağlabatan variant tapmaq məsələsinə sadiq olmalıdır. Bu, Ermənistanın ərazi bütövlüyünə təhlükə olmamalıdır və prezident Əliyev bunun təhlükə olmayacağını bəyan edib. Amma necə deyərlər, əsas məsələ detallardadır və onlar həll edilməlidir.

Düşünürəm ki, bu, həm də Prezident Əliyev üçün Dağlıq Qarabağın çoxmillətli icma ola biləcəyini göstərmək üçün bir imkandır. Bildiyiniz kimi, Dağlıq Qarabağın bir çox sakinləri hərbi əməliyyatlar səbəbindən və Dağlıq Qarabağda sülh və təhlükəsizlik şəraitində yaşaya bilməyəcəklərini ehtimal edərək qaçıblar. İndi prezident Əliyevin onların sülh və təhlükəsizliyini və Dağlıq Qarabağdakı bütün ermənilərin və azərbaycanlıların hüquqlarına hörmət edilməsini təmin etməsi üçün bir imkanı var. Prezident Əliyev bunu edə bilsə, belə bir addım atdığına görə beynəlxalq ictimaiyyət tərəfindən böyük hörmət qazanacaq və mən ümid edirəm ki, o, bunu edəcək.

Amerikanın Səsi: Verilən məlumatlara görə, prezident Əliyev və baş nazir Paşinyan ikitərəfli danışıqlar aparıb və xarici işlər nazirlərinə Azərbaycan və Ermənistan arasında sülh sazişi və sərhədin müəyyənləşdirilməsi ilə bağlı danışıqları davam etdirməyi tapşırıblar. Danışıqlarda təcrübəsi olan bir şəxs kimi sizin fikrinizcə, iki tərəfin müzakirə etdiyi ən aktual məsələlər hansılardır? Bu mərhələdə proses nə dərəcədə mürəkkəbdir və razılığın əldə olunması qarşısında əsas maneələr nələrdir?

Ceyms Uorlik: Mən ilk növbədə ümid edirəm ki, Ermənistan və Azərbaycan bir-biri ilə birbaşa danışıqlar apara biləcəklər. Mənim həmsədr olduğum müddətdə bu, çox çətin görünürdü və vasitəçilik zəruri idi. Onlar bir-biri ilə razılaşa bilsələr, bu, yaxşıdır. Əsas odur ki, razılaşma olsun. Bu danışıqların sonu olmasıdır. Əgər onların vasitəçiyə ehtiyacı varsa, hər iki tərəf qarşılıqlı məqbul olan vasitəçilik prosesi barədə razılığa gəlməlidir.

Problemlərdən biri odur ki, sizin də qeyd etdiyiniz kimi, çoxlu həll edilməmiş problemlər var və onları həll etmək asan deyil. Sərhədin müəyyənləşdirilməsi onlardan biridir. Hər iki tərəf üçün vacib hesab etdiyim başqa bir məsələ kommunikasiya və infrastrukturdur. Bunlar hamısı çətin məsələlərdir və qeyd etdiyim kimi, quruda dəhliz məsələsi, Dağlıq Qarabağda yaşayan və ya yaşamağı seçən ermənilərin statusu, bütün bunlar əsas məsələlərdir. Bunları həll etmək asan deyil. Bu, çətin olacaq. Düşünürəm ki, ilk addım sülh razılaşmasına nail olmaq və bu çətin məsələləri ikitərəfli olaraq və ya vasitəçinin köməyi ilə həll etməyə başlamaqdan ibarətdir.

Amerikanın Səsi: Dövlət Departamentinin rəsmilərinin bildirdiyinə görə, dövlət katibi Blinken Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə fəal şəkildə məşğul olur. O, keçən il Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüşə ev sahibliyi edib. Bu ilin əvvəlində hər iki ölkənin xarici işlər nazirləri arasında daha bir görüşün keçirilməsi gözlənilir. Bununla belə, ABŞ-ın hazırda Ukraynada davam edən münaqişə və Yaxın Şərqdə İsrail-HƏMAS münaqişəsi kimi bir çox problemlərlə məşğul olduğu bir vaxtda ABŞ-ın Cənubi Qafqazda sülh prosesində iştirakını nə dərəcədə prioritetləşdirəcəyi məlum deyil. Sizin bununla bağlı fikirləriniz nədən ibarətdir?

Ceyms Uorlik: Dövlət katibi Blinken bir çox məsələləri həll edə bilən çox bacarıqlı dövlət katibidir. Mən razıyam ki, ABŞ-ın məşğul olduğu çox şey var. Amma Ermənistan və Azərbaycanın iki lideri ABŞ-dan kömək istəsələr, mən inanıram ki, dövlət katibi Blinken və ABŞ hökumətinin digər nümayəndələri buna hazır olacaqlar. Dövlət katibi Blinkenin bir çox başqa məsələlərin olduğu halda Münhendə liderlərlə görüşmək üçün vaxt ayırmasını çox ümidverici hesab edirəm.

Amerikanın Səsi: Mənim bir sualım da var. Biz əvvəlki müsahibələrdə bu haqda danışmışıq. Rusiyanın hazırda Qarabağda sülhməramlı qüvvələri mövcuddur. Bəzi müşahidəçilər Moskvanın 2025-ci ildə müddəti başa çatdıqdan sonra onların mandatını uzatmağa cəhd edə biləcəyi ilə bağlı narahatlıqlarını bildirir. Onların bəzisi Rusiyanın orada hərbi mövcudluğunu saxlamaq üçün Azərbaycan və Ermənistana təzyiqləri artıra biləcəyindən narahatdırlar. Siz bu məsələ ilə bağlı nə düşünürsünüz?

Ceyms Uorlik: Doğrudur. Sülhməramlılar Dağlıq Qarabağda sülhün qorunmasında səmərəsiz olduğunu sübut edirlər. Mən nə Ermənistanın, nə də Azərbaycanın rusların öz ərazilərində uzunmüddətli qalmasını istəməli olduğunu düşünmürəm. Lakin rusların regionda marağı var və mən əminəm ki, Ermənistan, Azərbaycan və Rusiya gələcəklə bağlı bir-biri ilə müzakirələr aparacaqlar. Hesab edirəm ki, xüsusilə hər iki ölkənin öz ərazi bütövlüyünün vacibliyindən danışdığı bir vaxt Rusiya sülhməramlılarının xüsusilə də onların heç bir rolu olmadığına görə Rusiyaya qayıtmasını təmin etmək üçün mövqe tutması vacibdir. Onu da əlavə etmək istərdim ki, Rusiyanın özü də Ukraynada müharibə ilə məşğuldur. Məncə, Rusiya Azərbaycan və Ermənistandakı fəaliyyəti ilə öz sərhədlərində daha çox problem axtarmamalıdır. Bununla belə, ruslar Dağlıq Qarabağda maraqlı olmaqda qalacaqlar və biz yalnız ümid edə bilərik ki, onlar haqqında danışdığımız uzunmüddətli nizamlanmanın əldə edilməsində müsbət rol oynayacaqlar.

Forum

XS
SM
MD
LG