Azərbaycanda siyasi məhbus problemi: mövcud durum və reallıqlar

“Azərbaycanda siyasi məhbus problemi: mövcud durum və reallıqlar” mövzusunda konfrans

Forumda ölkədə siyasi məhbus probleminin həlli yolları müzakirə edilib
“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı “Azərbaycanda siyasi məhbus problemi: mövcud durum və reallıqlar” mövzusunda konfrans keçirib.

Tədbirdə son vaxtlar repressiyaların gücləndiyi, ictimai fəallıq göstərən şəxslərin kütləvi şəkildə həbsə alınması, təqib və təzyiqlərə məruz qaldığı qeyd edilib. NİDA-çıların, blogerlərin, Rauf Mirqədirovun, QHT rəhbəri Emil Məmmədovun həbsi, hüquq müdafiəçisi Lelya Yunus və həyat yoldaşı Arif Yunusun, QHT rəhbəri Mətanət Əzizovanın təqiblərə məruz qaldığı göstərilib.

“Azərbaycanda artıq siyasi məhbuslar ad və soyada görə yox, “həbs əməli”nə görə “çeşid”lənir, belə ki, ölkədə “evrovision”, “hicab”, “layk, “facebook” çeşidli siyasi məhbuslar var”, - deyə Oqtay Gülalıyev qeyd edib.

O, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin həbsinə toxunaraq, bu sırada QHT rəhbəri Anar Məmmədli və Bəşir Süleymanlının həbslərinin əsassız olduğunu vurğulayıb. Bundan əlavə, blogerlər Əbdül Əbilov və Ömər Məmmədov barədə həbs qərarları pislənilib.

Çıxışlarda ölkədə 170-ə qədər siyasi məhbusun olduğunu iddia edilib.

Əfv fərmanlarına gəlincə, bu fərmanların siyasi məhbus problemini həll etmədiyi, sadəcə imitasiya xarakteri daşıdığı qeyd edilib. Siyasi məhbuslar günahkar olmadıqları üçün hamısının qeyd-şərtsiz azad olunması tələb edilib.

O.Gülalıyev əhali sayına görə Azərbaycanın həbsdəki insanların və eləcə də siyasi məhbus sayına görə MDB-də “lider” ölkələrdən biri olduğunu qeyd edib.

“Azərbaycanda heç kəs əsassız həbsdən sığortalanmayıb”, o qeyd edib.

Tədbirə qatılan keçmiş siyasi məhbuslar, siyasi məhbusların yaxınları və ailə üzvləri birmənalı olaraq bu həbslərin siyasi sifariş odluğunu, həbs edilən, cəza alan şəxslərin heç birinin cinayəti olmadığını bəyan ediblər.

8 ildir həbs həyatı yaşayan Səid Dadaşbəylinin anası oğlunun və onunla həbs edilənlərin adlarının siyasi məhbus siyahısında olmamasına narazılıq edib.

Azərbaycanda istər istintaq zamanı, istərsə də cəzaçəkmə müəssisəsində müttəhim və məhbusların işgəncəyə məruz qalması da müzakirə obyekti olub. Keçmiş siyasi məhbus Elşən Həsənli işgəncələrlə bağlı faktların beynəlxalq qurumların diqqətinə çatdırmağın zəruriliyini qeyd edib.

Vəziyyətdən çıxış yollarına gəlincə, forum içtirakçıları siyasi məhbusların azad olunması üçün beynəlxalq qurumların rəsmi
Bakıya təsirini artırmağın və cəmiyyətin etirazını gücləndirməyin zəruriliyini önə çəkib.