Quba şəhərində çərşənbə axşamı Azərbaycan və Rusiyanın daxili işlər nazirləri Ramil Usubov və Rəşid Nurqəliyevin, eləcə də Dağıstan Respublikasının daxili işlər naziri Abdurəşid Maqomedov və RF DİN-in Şimali Qafqaz federal dairəsi üzrə Baş İdarəsinin rəisi Sergey Çençikin iştirakı ilə Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin birgə kollegiyası keçirilib.
"Hazırda Azərbaycanın və Rusiyanın sərhədyanı rayonlarında operativ vəziyyət sabitdir", - kollegiyada çıxış edən Nurqəliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin müntəzəm fəaliyyəti nəticəsində hazırda sərhədyanı ərazilərdə operativ vəziyyət sabitdir və daha da yaxşılaşmağa doğru gedir.
RF DİN rəhbəri onu da qeyd edib ki, birgə toplantıların keçirilməsi təcrübəsini davam etdirmək lazımdır.
"Son onillik parlaq şəkildə göstərib ki, yalnız razılaşdırılmış yanaşma əsasında problemləri effektiv həll etmək olar", - Nurqəliyev vurğulayıb.
Rusiyalı nazirin sözlərinə görə, bir çox məsələlər var ki, onların həlli birgə fəaliyyəti tələb edir.
"Beynəlxalq qruplaşmaların daxili iqtisadiyyatda, maliyyədə, bank və digər sahələrdəki cinayətləri barədə məlumatlar var və biz onların qarşısını almaq üçün artıq indidən birgə təşəbbüs göstərməliyik", - Nurqəliyev bildirib.
Nurqəliyev azərbaycanlı həmkarını məlumatlandırıb ki, müxtəlif ekstremist təşkilatlar iki dövlət arasında tərəfdaşlıq münasibətlərini nüfuzdan salmağa cəhd edirlər.
"Hesab edirəm ki, sonrakı işlər sərhədyanı ərazilərdə daha effektiv şəkildə cinayətkarlığı aşkar etməyə və qarşısını almağa imkan verəcək", - o vurğulayıb və bildirib ki, bir müddət əvvəl yekunlaşan analoji əməliyyat növbəti ildə də planlaşdırılıb.
Nazirlər məmnunluqla qeyd ediblər ki, sərhədyanı ərazilərdə ümumi təhlükəsizliyin təmin olunması üzrə əvvəllər əldə olunmuş razılaşmaların icrası istiqamətində əhəmiyyətli işlər görülüb. Bu barədə Trend-ə Azərbaycan DİN-in mətbuat xidmətindən məlumat verilib.
"Bununla yanaşı, hüquq qaydalarının, vətəndaşların hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmini üzrə gələcək səylərin fəallaşdırılmasının zəruriliyi vurğulanıb", - mətbuat xidməti qeyd edib.
Kollegiyanın yekunu üzrə nazirlər birgə protokol imzalayıb