Hər iki ölkənin rəsmiləri bazar ertəsi Pakistanın cənubunda liman şəhəri Kəraçidə keçən gecə baş verən güclü bomba partlayışı nəticəsində azı iki Çin vətəndaşının öldüyünü və daha birinin yaralandığını təsdiqləyib.
Çin "terror hücumu" adlandırdığı hadisəni qınayıb və Pakistanı bunu ətraflı araşdırmağa və günahkarları cəzalandırmağa çağırıb.
Çinin İslamabaddakı səfirliyindən verilən açıqlamada bazar günü gecə yarısından əvvəl Kəraçi hava limanı yaxınlığındakı Port Qasim Elektrik Enerjisi Şirkətinin çinli işçilərini daşıyan konvoya hücum zamanı itkilərin olduğu bildirilib.
Televiziyada yayımlayan görüntülərdə partlayışın bir neçə avtomobilin tamamilə və ya qismən dağıtdığı göstərilib. Yerli polisin bildirdiyinə görə, konvoyu müşayiət edən azı 10 pakistanlı təhlükəsizlik işçisi yaralanıb.
"Çinin səfirliyi və Pakistandakı baş konsulluqları bu terror aktını qətiyyətlə pisləyir, hər iki ölkənin günahsız qurbanlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və ailələrinə dərin təəssüf hisslərini çatdırır və Pakistanla birlikdə nəticələrin aradan qaldırılması üçün hər cür səy göstərir" deyə, bəyanatda bildirilib.
Pakistanın cənub-qərbindəki Bəlucistan vilayətində təhlükəsizlik qüvvələri ilə döyüşən üsyançı "Bəluc Azadlıq Ordusu" hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Jurnalistlərə göndərilən bəyanatda deyilib ki, intiharçı partlayıcı yüklü avtomobilini hava limanından yola düşən Çin konvoyuna çırpıb.
Pakistanın baş naziri Şahbaz Şərif açıqlamasında “iyrənc hərəkətdən dərin sarsıntı keçirdiyini və kədərləndiyini” bildirib, Çin rəhbərliyinə və həlak olanların ailələrinə başsağlığı verib.
ABŞ tərəfindən qlobal terror qrupları siyahısına salınan "Bəluc Azadlıq Ordusu" bundan əvvəl də Pakistanın ən böyük şəhərində Çin vətəndaşlarını hədəf almışdı.
2022-ci ilin aprelində "Bəluc Azadlıq Ordusu"nun intiharçısı Kəraçidə çinli müəllimləri daşıyan mikroavtobusun yaxınlığında bədəninə bağlanmış partlayıcıları işə salmış, nəticədə 3 nəfər ölmüşdü. Bu hücum Çinin kəskin qınağına səbəb olmuşdu.
Minlərlə çinli mühəndis və işçi Pakistanda işləyir. Onların əksəriyyəti Pekinin infrastrukturun inkişafı layihəsi olan çoxmilyardlıq qlobal "Bir Kəmər və Bir Yol" təşəbbüsü çərçivəsində Çin-Pakistan İqtisadi Dəhlizi layihəsi ilə bağlıdır. Karaçidəki elektrik stansiyası Çinin Pakistanın müxtəlif bölgələrində inşa etdiyi bir neçə belə qurğulardan biridir.
Bəlucistanın müstəqilliyi üçün mübarizə apardığını iddia edən "Bəluc Azadlıq Ordusu" Çinin Ərəbistan dənizindəki Qvadar strateji liman da daxil olmaqla, təbii ehtiyatlarla zəngin vilayətdə iqtisadi dəhlizlə bağlı investisiyalarını pisləyir.