Nardaranlı axundun həbs müddəti 4 ay uzadılıb

Nuhbala Rəhimov

Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi təqdim edən Nuhbala Rəhimov barəsində başlanmış cinayət işi yenidən istintaqa qaytarılıb.

Bu barədə Trend-ə N.Rəhimovun yaxınları məlumat verib.

N.Rəhimov barəsindəki cinayət işi yekunlaşaraq məhkəməyə göndərilsə də, Sabunçu rayon Məhkəməsi cinayət işini yenidən istintaqa qaytarıb.

H.Rəhimovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq, Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Sonra N.Rəhimovun barəsindəki inzibati həbs tədbiri 4 aylıq həbs-qətimkan tədbiri ilə əvəzlənib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilmişdi.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində "Müsəlman Birliyi" adlanan təşkilatın rəhbəri Taleh Bağırov və təşkilatın 13 üzvü saxlanılıb. Əməliyyat zamanı polislə təşkilat tərəfdarları arasında baş verən qarşıdurma zamanı ikisi polis olmaqla 6 nəfər həlak olub.