Texasda kilsəyə silahlı hücumla bağlı araşdırmalar davam edir

ABŞ Hava Qüvvələri Texasda kilsəyə silahlı hücum edən şəxsə qarşı ailə-məişət zəminində zorakılıq ittihamı və pis rəftar səbəbindən hərbidən uzaqlaşdırılma halının Federal Təhqiqatlar Bürosunun məlumat bazasına lazımi şəkildə yerləşdirilməməsinin səbəbini araşdırır.

Bu baş versə idi, Deyvid Kellinin qanuni yolla tüfəng almasının qarşısı alınar və onun kiçik Suterland Sprinq şəhərində 26 nəfəri qətlə yetirməsi baş verməzdi.

“Deyə bilərəm ki, onun dörd dəfə silah alması zamanı Milli Dərhal Cinayət Tarixinin Yoxlanılması sistemi ondan yoxlamadan keçməsini tələb etməyib və sistemdə onun odlu silah ala bilməməsi barədə qadağa məlumatı olmayıb. Üç məlumat yoxlama bazasından heç birində cinayətkarın odlu silah almasını qadağan edən məlumat olmayıb” - deyə Federal Təhqiqatlar Bürosunun agenti Kriz Kombs bildirib.

Hava Qüvvələri Kellinin məsələsi ilə bağlı araşdırma aparılmasını sifariş edib və bu kimi hadisələr barədə məlumatın çatdırılacağını təmin edəcəyini vəd edib.

Texasın ictimai təhlükəsizlik üzrə rəsmisi Frimen Martin deyib ki, bazar ertəsi axşam xəstəxanaya yerləşdirilmiş hadisə qurbanlarından 10 nəfərinin vəziyyəti ağır, dördünün vəziyyəti isə ciddidir.

Cinayətin səbəbinin Deyvidin yoldaşının qohumları ilə mübahisədən qaynaqlandığı ehtimal edilir.

“Onun qaynanası ilə mübahisəni həll etmək üçün çox sayda digər yollar var idi və onun 15 dolu daraqla və tüfənglə kilsəyə gəlməsinə ehtiyac yox idi” – deyə Frimen Martin əlavə edib.

Kelli kilsənin qonşuluğunda yaşayan, tüfənglə silahlanmış bir nəfərlə qarşılaşıb. Bundan sonra Kelli həmin şəxs və polis tərəfindən təqib edilib.

Kelli avtomobilini aşırdıqdan və özünü güllə ilə vurduqda sonra keçinib. Martin deyir ki, Kellinin bədənində qonşunun atıdığı iki güllə qəlpələri də aşkar edilib.