İnanclı Fərman Kərimzadənin narkotik ticarətində ittiham olunduğu deyilir

Kürdəxanı təcridxanası

Oktyabrın 22-də saxlanılan inanclı Fərman Kərimzadənin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanıldığı deyilir.

Atası Fərman Kərimzadənin oktyabrın 26-da ona zəng etdiyini deyib. Onun sözlərinə görə, Kərimzadə Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı və istehsalı) ittiham olunduğunu bildirib.

Fərman Kərimzadənin həyat yoldaşı Pərvanə Kərimzadə Amerikanın Səsinə açıqlamasında bildirib ki, aidiyyatı qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə dəfələrlə müraciət etsə də, yoldaşı haqqında əlavə məlumat ala bilmir:

"5 gün idi ki, mən yoldaşımdan xəbər ala bilmirdim. Dünən günorta atası mənə zəng edib dedi ki, Fərman ona 1 dəqiqəlik zəng edib. Zəngdə o, külli miqdarda narkotik maddə ittihamı ilə şərləndiyini deyib. Hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Mənim yoldaşım heç siqaret belə istifadə etmir, bu ittihamlar böhtandır. Mən heç bir yerdən məlumat ala bilmirəm. Ombudsman aparatına zəng edirəm, deyirlər ki, bura axtarış şöbəsi deyil. Dövlət Təhlükəsizlik Xidmətinə zəng edirəm, onlar da deyir ki, müraciətimiz qəbul edilmir, məktub yazın. Məktub yazıram, mesaj olaraq müraciətimin təsdiqləndiyini yazırlar, lakin mənə heç bir şəkildə məlumat verilmir".

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.