NİDA Vətəndaş Hərəkatının və Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 3 saylı istintaq təcridxanasında saxlanılan gənc bloger Ömər Məmmədov prezident İlham Əliyev, Mətbuat Şurası və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi bu barədə məlumat yayıb.
Ö.Məmmədov ərizəsində qeyd edir ki, cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılır:
"Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq sizdən xahiş edirəm ki, məni əfv edəsiniz. Əvvəlcədən öz adımdan və ailəmin adından sizə təşəkkür bildirirəm".
O, həmçinin VHP rəhbərliyindən xahiş edərək, üzv olduğu partiyadan çıxarılmasını istəyib.
Bununla bağlı hələlik ailəsindən şərh almaq mümkün olmayıb.
Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üzərindən 6 qram heroin götürülüb.
Müdafiəçiləri Ömər Məmmədovun bloqçu fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər.
Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunan bloqqer 2014-cü il iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.
Bu ilin iyulunda NİDA üzvü Şahin Novruzlu da əfv üçün müraciət edib
Ötən ay isə NİDA-nın həbsdə olan 6 üzvü - Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə dövlət başçısından azadlığa buraxılmalarını istəyib.