Vəzifəsindən istefa verən Böyük Britaniya baş naziri Deyvid Kameron parlamentin Aşağı Palatasında son dəfə çıxış edib. Altı illik xidmətinə görə Kameron ayaq üstə alqışlanıb.
Adətən baş nazirə ünvanlanan kobud suallar səmimi bir sessiyaya dönüb. Çərşənbə günü baş tutan görüş zamanı Kameronun işsizliyin azalmasında, Milli Səhiyyə Xidmətinə maliyyənin artırılmasında və təhsil imkanlarının genişləndirilməsindəki səyləri müsbət qiymətləndirilib. Onun həyat yoldaşı və övladları da sessiyada iştirak edib.
Kameron Britaniyada olan Avropa İttifaqı vətəndaşlarına ölkə birliyi tərk edəndən sonra Britaniyadan çıxmağa məcbur edilməyəcəklərinə dair zəmanət verdiyini söyləyib.
O deyib ki, hökümət “biz istədiyimizi etməyə, yəni Aİ vətəndaşlarının hüquqlarına hörmət ediləcəyinə dair zəmanət vermək üçün” əlindən gələni edir.
Daha sonra Deyvid Kameron istefasını rəsmən kraliça II Yelizavetaya təqdim edib.