BMT-nin işgəncələr üzrə missiyası qarşılaşdığı maneələrə görə Azərbaycanı tərk edib

un

İşgəncələrin qarşısının alınması üzrə Birləşmiş Millətlər Təşkilatının Alt-Komitəsi (İQAT) Azərbaycanın da tərəf olduğu BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın fakültativ protokolu (OPCAT) əsasında öz mandatının həyata keçirilməsində qarşılaşdığı maneələr səbəbindən Azərbaycana səfərini dayandırmaq və ölkəni tərk etmək qərarını verib.

Bu barədə Amerikanın Səsinə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən məlumat daxil olub.

Məlumatda deyilir:

Azərbaycan Respublikasının rəsmi qurumları tərəfindən azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz girişlə əlaqədar verilən zəmanətə baxmayaraq nümayəndə heyətinin azadlıqdan məhrumetmə yerlərinin bir neçəsinə daxil olmasının, digərlərində isə öz vəzifələrini tam yerinə yetirməsinin qarşısı alınıb.

Beləliklə, Fakültativ Protokol üzrə Azərbaycanın götürdüyü öhdəliklərin ciddi pozulması nəticəsində və nümayəndə heyəti 8-17 sentyabr tarixləri arasında planlaşdırılan səfərinin bütövlüyünün bu dərəcədə çətinliklərlə üzləşməsi səbəbindən missiyanı vaxtından əvvəl dayandırılması qənaətinə gəlib.

Nümayəndə heyəti sentyabrın 14-də fəaliyyətini dayandırıb, lakin bəzi üzvlər Bakıda qalaraq topladığı məlumatlar əsasında Azərbaycan rəsmiləri ilə müvafiq danışıqları davam etdirib. Sentyabrın 16-da nümayəndə heyətinin rəhbəri Aişa Şujun Muhammad Xarici İşlər Nazirinin müavini ilə görüşüb.

İQAT Azərbaycanda işgəncə və pis rəftarın qarşısının alınması məqsədi ilə ölkənin İQAT-la konstruktiv dialoqa başlamasını və Fakültativ Protokol çərçivəsində öz beynəlxalq öhdəliklərinə riayət etməsini gözləyir.

OPCAT çərçivəsində İQAT müxtəlif azadlıqdan məhrumetmə yerlərinə səfər etmək və azadlıqdan məhrumetmə yerlərində işgəncə və pis rəftar riskinə qarşı ciddi təminatları yaratmaq üçün dövlət orqanlarına tövsiyələr vermək mandatına malikdir.

İşgəncələrin qarşısının alınmasına üzrə Fakültativ Protokol bü günə kimi 73 dövlət tərəfindən ratifikasiya olunub. Ölkəyə edilən səfərin sonunda İQAT məxfi hesabat vasitəsilə dövlətə, ehtiyac yarandıqda həm də MPM-ə, tövsiyyə və müşahidələrini təqdim edir. Dövlətlər İQAT tərəfindən bu hesabatın ictimailəşdirilməsi üçün müraciət etməyə dəvət olunurlar.