Azərbaycan məhkəməsi baş redaktoru 2 il 6 ay azadlıqdan məhrum edib

Azərbaycan məhkəməsi baş redaktoru 2 il 6 ay azadlıqdan məhrum edib

Hakim İsmayıl Xəlilov həbsin iyulun 6-dan hesablanmasını və jurnalistin ciddi rejimli koloniyada saxlanmasını vacib bilib

Qaradağ Rayon Məhkəməsi həbsdə olan “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevi qanunsuz narkotik saxlama ittihamı ilə iki il yarım azadlıqdan məhrum edib. Hakim İsmayıl Xəlilov həbsin iyulun 6-dan hesablanmasını və jurnalistin ciddi rejimli koloniyada saxlanmasını vacib bilib.

Bu son üç ildə baş redaktor barəsində məhkəmələrin 3-cü həbs hökmüdür. Cənab Fətullayev 2007-ci ilin aprelində böhtan ittihamı ilə 2 il 6 ay, 2007-ci ilin oktyabrında terrorla hədələmə, milli, dini ədavətin qızışdırılma, vergidən yayınma ittihamı ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

2009-cu il dekabrın 29-da cəzaçəkmə müəssisəsində jurnalistin paltarından heroin aşkarlanıb. Hazırkı məhkəmə hökmü bu ittihamla bağlıdır. Bu il aprelin 22-də Avropa İnsan Hüquqları məhkəməsi baş redaktor barəsində Azərbaycan məhkəmələrinin hökmlərini əsassız sayıb və onun dərhal azadlığa buraxılması barədə qərar qəbul edib.

Eynulla Fətullayev bu günki məhkəmə hökmünü siyasi sifariş və rüsvayçılıq adlandırıb.

Jurnalist 2009-cu il dekabrın 31-də koloniyadan təcridxanaya köçürülüb. Amma həbs müddətinin bu gündən hesablanması onda və vəkildə təəccüb doğurub.

Vəkil İsaxan Aşurov məhkəmənin hökmünü “qanunsuz və əsassız” adlandırıb.