Iran Azərbaycanında həbslər davam edir

İrandan Azərbaycan Müdafiə Komitəsinin sədri Səid Nəiminin servisimizə verdiyi məlumata görə, “Nedaye Azərabadeqan” qəzetinin redaktoru Əbülfəz Vüsali zəmanətlə azadlığa buraxılıb. Daha öncə də xəbər verdiyimiz kimi, May hadisələrindən sonra həbs olunmuş bir neçə fəal ailələrinin müraciətləri, Azərbaycandan olan ziyalıların xahişi, eləcə də İran parlamentinin Təbrizdən olan millət vəkili Əkbər Ələminin səyləri sayəsində bu günlərdə azad ediliblər.

Digər tərəfdən, başqa bir xəbərə əsasən, iyunun 29-da “Vətəndaş” və “Sirdaş” saytlarının yaradıcısı Cəmşid Purismayıl Niyazi ofisində ordersiz axtarış aparıldıqdan sonra nəzarət altına alınıb.

“Urmunews” xəbər agentliyinin verdiyi xəbərə görə, Urmiyanın imamcüməsi Höccətülislam Həsəni Urmiyadakı azərbaycanlı fəalların xahişi ilə Qərbi Azərbaycan vilayətinin baş hakimi höccətülislam Feyzə müraciət edərək, ona son həbslərin ədalətsiz və yanlış olduğunu bildirib. O, həbsdə olan azərbaycanlıların azad olunması üçün səylərini davam etdirəcəyinə söz verib.