Həbsdə olan qadın jurnalistlər təcridxanada “ağır şərait”dən yazıb

Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova saxlanıldıqları təcridxanadan ictimaiyyətə məktub ünvanlayıb. Məktubda 1 saylı Bakı İstintaq Təcridxanasında baş verən “pozuntu halları və həbs edilmiş şəxslərin saxlanıldığı ağır şərait”dən bəhs edilir.

Jurnalistlər yazır ki, Nazirlər Kabinetinin “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” 18 fevral 2013-cü il tarixli 22 saylı qərarı ilə ehtiyacları dövlət qarşılamalıdır.

“1 saylı Bakı İstintaq Təcridxanasında 170 nəfər qadın saxlanılır. Qadınlar 2-ci korpusun 2-ci mərtəbəsində 27 kamerada yerləşdiriliblər. Əslində bu mərtəbədə 30 kamera var. Onlardan biri qanunsuz olaraq cəza kamerasına çevrilib, biri istifadəsiz saxlanılıb, o birini də nəzarətçilər özləri üçün mətbəx kimi istifadə edir”, məktubda qeyd edilir.

Jurnalistlər bildirir ki, Ombudsman Aparatının nümayəndələri təcridxanaya gələndə cəza kamerasının və nəzarətçilərin özləri üçün mətbəxə çevirdikləri kameranın qapıları tez-tələsik qıfıllanır.

“Əslində qadın məhbusların yatacaq yerə ehtiyacı var. Hazırda 25 qadın çarpayısızlıqdan ya yerdə, ya da bir çarpayıda iki nəfər bükülüb yatır. Hətta ara-sıra bu sıxlığa görə xəsarət alan qadın məhbuslar da olub. Yatağın 2-ci mərtəbəsini bölüşən məhbus qadınlardan biri yıxılıb və qolu çıxıb”.

Nazirlər Kabinetinin 22 nömrəli qərarının 13-cü əlavəsində göstərilib ki, istintaq təcridxanalarında saxlanılan şəxslərin hər birinə bir çarpayı verilməlidir. Bundan başqa, saxlanılan şəxslər adyal (yay və qış üçün), döşək (pambıq), balış (pambıq), mələfə (ildə 2 ədəd), balış üzü (ildə 2 ədəd), əl-üz dəsmalı (ildə 2 ədəd) ilə təmin edilməlidir.

“Amma qadınlara cəmi bir nazik adyal verilir, qış üçün adyal verilmir. Döşəklər pambıqdan deyil, keyfiyyətsiz yundandır. Hətta o qədər keyfiyyətsizdir ki, kəskin qoxusuna görə imtina edənlər var. Əl-üz dəsmalını isə yalnız iki qadın məhbus nəzarətçilərdən istəyəndən sonra onlara verildiyini eşitmişik. Amma qərarla əl-üz dəsmalı istisnasız olaraq bütün saxlanılan şəxslərə ildə 2 dəfə verilməlidir. Çünki mələfə, balış üzü və əl-üz dəsmalının istifadə müddəti 6 aydır”, jurnalistlər yazır.

Jurnalistlər saxlanılan şəxslərə verilməli olan gündəlik ərzaq məhsulları və hazırda verilən ərzaq məhsullarından da yazıb.

Nazirlər Kabinetinin 22 nömrəli qərarının 4-cü əlavəsində yer alan bu siyahıya görə, saxlanılan şəxslərə təcridxanada balıq, ət, bitki yağı, tərəvəz, un, dəfnə yarpağı, tomat pastası verilməlidir.

“Bunların heç biri saxlanılan şəxslərə verilmir. Məhbuslara “balanda” adı ilə verdikləri təcridxana yeməyi keyfiyyətsiz olduğundan 27 kameranın yalnız 8-i onu qəbul edir. Oktyabrın sonlarında qadın korpusuna baş çəkən təcridxana rəisi Elnur İsmayılova qadın məhbuslar “balanda”nın keyfiyyətsiz olduğu və adam sayına uyğun verilmədiyi haqda şikayət ediblər. 14 nəfərlik kameraya 4 tikə ət verilir. Mən bu 4 tikə əti 14 nəfərin arasında necə bölüm?”, qadın məhbus rəisdən soruşub.

Həbs edilmiş şəxslərin geyim əşyaları ilə təminatı barədə jurnalistlər yazır ki, həbs edilmiş qadının münasib paltarı yoxdursa, Nazirlər Kabinetinin 22 nömrəli qərarının 5-ci əlavəsinə görə, ona isti və nazik baş yaylığı, isti gödəkçə, 2 yubka, 2 kofta, 2 don, 2 alt köynəyi, 3 pantalon, 3 döşlük, 4 kolqotka, 6 cüt qısa corab, 12 ədəd gigiyenik paket (1 ay ərzində), mövsümə görə 2 cüt ayaqqabı, 1 cüt çəkələk, 1 cüt əlcək verilməlidir.

“Bu bir il müddətində gördüyümüz o olub ki, hər dəfə təcridxana əməkdaşları “yeni gələn dustağa paltar lazımdır, sizdə olmaz?” deyə soraqlamağa başlayırlar. Burada ehtiyacı olan məhbusa təcridxanadan heç bir geyim verilmir. Bəhs etdiyimiz qərarın 6-cı əlavəsində isə həbs edilmiş şəxslərin gigiyenik vasitələrlə təminatı yer alıb. Həbs edilmiş şəxsə 1 ay ərzində 250 qram təsərrüfat sabunu, 100 qram əl-üz sabunu, 150 qram yuyucu toz, 3 ədəd ülgüc, 2 ay ərzində bir ədəd diş pastası, diş tozu, 1 ədəd tualet kağızı, 3 ay ərzində 1 ədəd diş fırçası verilməlidir.

Burada bir il ərzində apardığımız müşahidəyə əsasən deyə bilərik ki, cəmi 2 dəfə hər kameradan 1-2 nəfərə diş pastası, diş fırçası, yuyucu toz, təsərrüfat sabunu, əl-üz sabunu verilib. Ülgüc, tualet kağızı ümumiyyətlə verilməyib. Amma bu mallar 1, 2 və 3 ay ərzində verilməlidir və hər kəsə çatmalıdır”, məktubda qeyd edilir.

Jurnalistlər yazır ki, bütün bunlara baxmayaraq 2024-cü il avqustun 10-da 1 saylı Bakı İstintaq Təcridxanası ilə “Abşeron Tekstil” MMC arasında dəyəri 49 min 383 manat olan satınalma müqaviləsi imzalanıb.

“Bakı İstintaq Təcridxanasının kotirovka sorğusu ilə keçirdiyi tenderdə ilkin ehtimal olunan qiymət 100 min manat olsa da, “Abşeron Tekstil” MMC ilə imzalanan müqavilənin dəyəri onun yarısı qədər olub.

Müqavilədə qeyd edilib ki, “Abşeron Tekstil” MMC avqustdan dekabra qədər təcridxananı hər biri 1000 ədəd olmaqla döşək, adyal, balış, balış üzü, mələfə və əl-üz dəsmalı ilə təmin etməlidir. Bəs bu sadalanan mal və məhsullar həbs edilmiş qadınlara niyə verilmir? Təcridxananın əməkdaşları ilə söhbətdən aydın olur ki, anbarda heç nə yoxdur”, həbsdə olan jurnalistlər Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova yazır.

Öz növbəsində, Penitensiar Xidmət jurnalistlərin məktubunda yer alan iddialarla bağlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, qeyd edilən iddialar tam əsassızdır.

“İstintaq altında olan şəxslərin statusu məhkumlardan fərqlidir, həbsdə saxlanılan bütün qadınlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada gigiyena, geyim və yatacaq ləvazimatları ilə, həmçinin gündə 3 dəfə keyfiyyətli qida ilə təmin edilirlər”, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi qeyd edib.

Xatırladaq ki, bundan öncə "Abzas Media" internet nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı saxlanıldıqları təcridxanadakı işgəncə halları və qanunsuzluqlar iddia olunan məqalələrlə çıxış edib.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub.

Daha sonra direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb.

Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.