Azərbaycanın ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi qızıl külçələrin qaçaqmalçılığında ittiham edilir

Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Qəhrəman Məmmədovun digər Azərbaycan vətəndaşı Anar Qasımov və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumatda deyilir ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü ildə Amerikadan Türkiyəyə gəlmiş, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb.

“O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhraman Məmmədov qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində on milyon iki yüz iyirmi min doqquz yüz manat (6 milyon ABŞ dollarından çox) dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb. Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib”, DTX qeyd edib.

Məlumatda həmçinin deyilir ki, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilən Anar Qasımov Türkiyədə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Qəhraman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı Azərbaycan Müdafiə Nazirliyi hərbi attaşenin baş köməkçisinin bu hərəkətlərə baş vurduğu barədə hələ məlumat yaymayıb. Bunun onun iş və ya istirahət günlərinə təsadüf etməsinə aydınlıq gətirməyib.

Qəhrəman Məmmədov və Anar Əliyevin yaxınları və vəkilləri də qaldırılmış cinayət işi ilə bağlı hələ hər hansı açıqlama verməyib.

Eyni zamanda qızıl külçələrin kimlərə məxsus olması, İstanbula hansı məqsədlə gətirilməsi ilə bağlı suallar da hələ açıq qalır.