Çin tərəfindən həbs olunan üç ABŞ vətəndaşı ölkələrinə qayıdır.
ABŞ rəsmilərinin dediyinə görə, bu, Vaşinqtonun Pekin tərəfindən qanunsuz saxlanıldığına inandığı amerikalıların azad edilməsi üçün illərlə apardığı diplomatik səylərin nəticəsidir.
ABŞ Dövlət katibi Antoni Blinken Kai Li, Mark Svidan və Con Leun ilə əlaqə saxladığını və onların "Şükran Günü ABŞ-a qayıdarkən" yaxşı olduqlarını öyrəndiyini bildirib.
Blinken X sosial şəbəkəsində "Onlara səhhətlərinin yaxşı olduqlarına sevindiyimi söylədim və tezliklə əzizləri ilə bir araya gələcəklərini bildirdim" - deyə, yazıb.
Ağ Ev amerikalıların azad edildiyini çərşənbə günü elan edib.
"Mark Svidan, Kai Li və Con Leunun Çin Xalq Respublikasından azad edildiklərini elan etməkdən məmnunuq" - deyə, Milli Təhlükəsizlik Şurasının sözçüsü açıqlama verib.
Bu, yanvar ayında vəzifəsindən gedəcək Prezident Cozef Bayden üçün diplomatik bir qələbədir.
ABŞ rəsmilərinin dediyinə görə, Bayden və onunyardımçıları bu üç amerikalı ilə bağlı məsələni dəfələrlə Pekinlə müzakirə edib. Bu ayın əvvəlində Peruda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində Bayden Çin prezidenti Si Cinpin ilə görüşərək onların azadlığa buraxılmasını tələb edib.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqq cümə axşamı bildirib ki, ABŞ tərəfindən "qanunsuz həbs olunmuş" üç Çin vətəndaşı Çin-ə geri qaytarılıb.
Mark Svidan 2012-ci ildən bəri həbsdə olub və 2019-cu ildə ölüm cəzasına məhkum edilib. O, özünün günahsız olduğunu iddia edir.
Con Leun ötən il ömürlük həbs cəzasına məhkum edilib. ABŞ vətəndaşı olan Leun eyni zamanda Honq Konqda daimi yaşayış icazəsinə malikdir və 15 aprel 2021-ci ildə Çinin cənub-şərqində yerləşən Suzhou şəhərindəki əks-kəşfiyyat idarəsi tərəfindən həbs edilib.
ABŞ vətəndaşı Kai Li Nyu-Yorkda işgüzar fəaliyyət göstərən bir iş adamıdır. O, 2016-cı ilin sentyabrında Şanxaya uçduqdan sonra həbs edilib. Li nəzarət altına alınmış, vəkilsiz sorğu-sual edilmiş və FBI-yə dövlət sirrləri verdiyi ilə ittiham olunmuşdu. 2018-ci ildə casusluq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib, amma o, bu ittihamı rədd edib.
Azadedilmələr Çinin 2006-cı ildən həbsdə olan kaliforniyalı xristian keşiş David Lini sərbəst buraxmasından yalnız iki ay sonra baş verir. O, müqavilə fırıldağı ilə ittiham olunmuşdu.