Azərbaycanda ekosistemə qəsdən ciddi zərər vuran şəxslər 10 ildən 15 ilədək həbsə məhkum ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Cinayət Məcəlləsində bunu nəzərdə tutan dəyişiklik haqqında qanunu imzalayıb.
Yeni dəyişikliyə görə, Cinayət Məcəlləsinə “Ekosid” anlayışı əlavə edilib və bu cinayəti törədən şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaq.
Dəyişikliklə bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda - on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Xatırladaq ki, Azərbaycan Cinayət Məcəlləsində ekoloji cinayətlərə görə bundan öncə beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu.