İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Möhyəddin Orucovun səhhətində ciddi problem yarandığı bildirilir.
Bu barədə Konfederasiyanın yaydığı məlumatda deyilir.
"Ötən ilin oktyabrında Möhyəddin polis bölməsinin həyətində uzun müddət açıq havada saxlanıldığına görə böyrəklərində problem yaranıb. Daha sonra isə fəala inzibati həbs cəzası verilib. İnzibati həbsdə isə onu müayinə etməyiblər, ancaq ağrıkəsici dərman veriblər. İnzibati həbsdən çıxandan sonra müalicə olunurdu, amma növbəti dəfə həbs olunduğuna görə müalicə yarımçıq qaldı", məlumatda bildirilir.
Fəalın səhhətində yaranan problemin hazırda daha da ciddiləşdiyini, onun böyrəklərində şiddətli ağrıların olduğu bildirilir.
"Təcridxanada səhhətində problem olduğu barədə bildirsə də yenə ağrıkəsici verilir, müalicə müəssisəsinə köçürülmür. Vəkil bununla bağlı müraciət edəcək", deyə məlumatda qeyd olunur.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
İctimai fəal Möhyəddin Orucov ötən il dekabrın 13-də saxlanılıb.
Suraxanı Rayon Məhkəməsi ictimai fəal Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib.
Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.