Türkiyə parlamentinin sədri regional əməkdaşlığın və Orta Dəhlizin prioritet olduğunu bildirib

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş (Mənbə: TBMM)

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 25-də Asiya Parlament Assambleyasının Bakıda keçirlən sessiyasından ölkəsinə qayıdarkən Orta Dəhliz, Cənubi Qafqaz ölkələri və region dövlətləri olan Türkiyə, Rusiya, İranın birgə fəaliyyəti ilə bağlı perspektivlərdən danışıb.

Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.

O, təyyarədə jurnalistlərə bildirib ki, hazırda prioritet Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır, daha sonra Ermənistan, Rusiya və İran bu fəaliyyətə qoşula biləcəklər.

“Əvvəla Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmi. Bunu daha çox işə salacağıq. Keçən həftə Gürcüstanın xarici işlər naziri Ankarada idi. Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı bir mexanizm yaratmaq”, o qeyd edib.

Numan Kurtulmuşun fikrincə, Zəngəzur layihəsi uğurla həyata keçsə, bu, region ölkələrini Mərkəzi Asiyaya birləşdirəcək həyati bir dəhliz olacaq.

“Zəngəzur layihəsi uğurla başa çata bilsə, bu, təkcə Azərbaycanı deyil, Ermənistan, İran, Türkiyə və Gürcüstanı da Qafqaz vasitəsilə Mərkəzi Asiyaya birləşdirəcək çox həyati bir dəhliz olacaq. Qazan-qazan prinsipi çərçivəsində bunun ermənilərə də böyük faydası olacaq. Bunları izah edərək Ermənistanı erməni diasporunun kölgəsindən xilas etməklə yolumuza davam etməliyik”, parlament sədri bildirib.

Xatırladaq ki, “3+3” formatında ilk iclas 2022-ci ildə Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada, ikinci iclas yenə Gürcüstanın iştirakı olamadan 2023-cü il oktyabrın 23-də Tehranda keçirilib. Bu formatda xarici işlər nazirlərinin növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.

Zəngəzur adlandırılan dəmir yolu dəhlizi sovetlər dövründə Ermənistan ərazisindən keçirdi. Ermənistan Birinci Qarabağ müharibəsi zamanı, 1991-ci ildən dəmir yolunun bu hissəsini bağlayıb. İkinci Qarabağ müharibəsindən (2020-ci il) sonra da dəmir yolunun Ermənistandan keçən hissəsinin açılması danışıqların əsas mövzularından biridir. Amma hələ ki, Ermənistan tərəfi ilə razılıq əldə edilməyib. Bununla yanaı, Azərbaycanı suverenliyində olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir yolu və avtomobil yolunun İran ərazisindən çəkilməsi barədə iki ölkə arasında razılıq əldə edib.

Beləliklə 2023-cü il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb. Bu layihənin həyata keçirlməsi həmçinin Sovet İttifaqı dövründə mövcud olan Moskva-Tehran dəmir yolunun açılması deməkdir.