Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Nemət Abbasovun inzibati həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli məlumat verib.
Vəkilin sözlərinə görə məhkəmədə fəalın özü də iştirak edib:
"Nemət bölmədə yazdığı izahatı psixoloji təzyiq altında yazdığını qeyd elədi, biz bunu məhkəmənin nəzərinə çatdırdıq. Həm tutularkən baş verən pozuntuları, həm də prosessual pozuntuları məhkəməyə bildirdik. Lakin apellyasiya şikayətimiz təmin olunmadı".
Rövşanə Rəhimli deyir ki, Nemət Abbasov həbsinin səbəbi kimi sosial şəbəkələrdə yazdığı tənqidi paylaşımları görür, polisə müqavimət göstərmədiyini bildirib.
"Dedi ki, o, ifadə azadlığı hüququndan istifadə edib və buna görə də qanunsuz həbsə məruz qalıb", deyə vəkil bildirib.
Neməti Abbasova sentyabrın 20-də İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka inzibati həbs cəzası verilib.
Fəalın yaxınları deyir ki, o, əslində müharibə əleyhinə paylaşımlarına görə həbs olunub.