Sentyabrın 26-da Bakı Apellyasiya məhkəməsində Jurnalist Nurlan Qəhrəmanlının (Nurlan Libre) həbs qərarından verilən şikayətə baxılıb.
Hakim İlqar Murquzovun sədrliyilə keçirilən məhkəmə prosesində appelyasiya şikayəti təmin olunmayıb.
Məhkəmə prosesi zamanı jurnalistə qarşı irəli sürülən İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə 30 günlük həbs cəzası qüvvədə qalıb.
Jurnalistin vəkili Elçin Sadıqovun sözlərinə görə, jurnalistin özü də iştirak edib. Nurlan Qəhrəmanlı öz çıxışında bildirib ki, müharibə əleyhinə etdiyi paylaşımlarına görə həbs edilib.
Your browser doesn’t support HTML5
Elçin Sadıqov jurnalistin həbsini söz və ifadə azadlığının pozulması hesab edib.
Nurlan Qəhrəmanlı sentyabrın 21-də Sumqayıt şəhərində yaşadığı evdən 4-5 nəfər mülki şəxs tərəfindən zorakılıqla aparılıb. O, öncə Sumqayıt Şəhər Polis İdarəsinə, oradan isə Baş Prokurorluğa gətirilərək haqqında 30 günlük həbs qərarı verilib.
Nurlan Qəhrəmanlı həm saxlanılarkən, həm də prokurorluqda işgəncəyə məruz qaldığını bildirir.