İran Azərbaycanlı yazıçı və İran Yazıçılar Birliyinin üzvü Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən Kəşfiyyat İdarəsinə çağırılıb. O, bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.
Təbrizdə yaşayan əslən Xoy şəhərindən olan yazıçının çağırılması Şərqi Azərbaycan valiliyinin binası qarşısında bir sıra qadınların etiraz aksiyası keçirməsi ilə bağlıdır.
"Dünən Urmiyə gölü ilə bağlı etiraz aksiyası zamanı kimsə bizə dedi ki, hamınızın şəxiyyəti üz tanıma sistemi ilə müəyyən edilib. Bunun nəticəsi məlum oldu. Bu gün məni kəşfiyyat İdarəsinə çağırdılar", Rüqəyyə Kəbiri İnstagram səhifəsində yazıb.
Kəbiri Təbriz Kəşfiyyat İdarəsində bir neçə saatlıq dindirildikdən sonra İnstagram səhifəsində əlavə məlumat paylaşıb.
SEE ALSO: Təbrizdə qadınlar ikinci dəfə Urmiyə gölü üçün etiraz aksiyası keçiriblərİran Azərbaycanlı yazarın sosial media hesabında qeyd etdiyi məlumata görə, onu dindirən müstəntiqlər hər hansı bir aksiyada iştirak etməyəcəyinə dair öhdəlik vərəqəsini imzalamasını istəyib. Lakin Kəbiri müstəntiqlərə bir vətəndaş kimi mədəni və dinc şəkildə valilikdən tələb etmə haqqını müdafiə edib və bunun iğtişaş yaratma ilə əlaqəsi olmadığı deyib.
SEE ALSO: Təbrizdə Urmiyə gölü ilə bağlı etiraz aksiyası keçirilibİran Azərbaycanının Təbriz şəhərində qadınlar avqustun 14-də Şərqi Azərbaycan valiliyi binası qarşısında etiraz aksiyası keçirərək, Urmiyə gölünün canlandırılmasını tələb ediblər. Bundan daha əvvəl avqustun 12-də Azərbaycanlı qadınlar Təbrizdə Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin qarşısında toplaşaraq aksiya keçirmişdi.
İran Azərbaycanının Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərindən olan Rüqəyyə Kəbiri şair və hekayə yazarıdır. O, əsərlərinin çoxunu Azərbaycan türkcəsinə yazıb. Rüqəyyə Kəbirinin bir neçə əsəri, o cümlədən "Ürəyim Ağrıyır" və "Evim" adlı hekayələri Bakıda nəşr edilib.