İran Azərbaycanında aksiya zamanı saxlanılan onlarla kəndlinin həbsi davam edir

Hüquq müdafiəçiləri keçən şənbə günü Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərində kəndlilərin etiraz aksiyası zamanı həbs edilənlərin sayının təqribən 60 nəfər olduğunu bildirirlər.

Şərqi Azərbaycan vilayətinin şimalında Mərənd şəhərinin Yekanat bölgəsində ərazi və otlaq sahələrinin dövlət tərəfindən zəbt edilib və özəl şirkətlərə verilməsinə etiraz edən kəndlilər keçən bir neçə həftə ərzində azı iki dəfə aksiya və yürüş təşkil ediblər.

May ayının 20-də aksiya keçirən kəndlilər polis qüvvələrinin sərt müdaxiləsi ilə qarşılaşıblar. Azərbaycan İnsan Haqları Təşkilatı və Abbas Lisani adlı Telegram kanalı həmin gün nəzarət altına alınan etirazçılardan 45 nəfərin adını yayıblar.

Saxlanılan kəndlilərin işinə hazırda Mərənd şəhərinin ümumi və inqilab prokurorluğunun 2-ci şöbəsində baxıldığı bildirilir.

SEE ALSO: Şərqi Azərbaycan vilayətində kəndlilərin keçirdiyi aksiya zamanı 26 nəfər tutulub

Yekanat bölgəsinin Yekən Kəhriz kəndində Təbii Sərvətlər və Su Hövzələrini İdarəetmə Təşkilatı tərəfindən zəbt edilən ərazi və otlaq sahələrinin İsfahandan olan özəl şirkətlərə verildiyi bildirilir.

Şirkətlər ərazidə sənaye istixanaları tikib, hasar çəkərək bölgə əhalisinin mallarını otarmasına mane olublar.