Azərbaycanda qanunsuz pul köçürmələri ilə bağlı cəzalar sərtləşdirilib

Prezident İlham Əliyev Cinayət Məcəlləsinə yeni düzəlişi - Azərbaycandan və Azərbaycana qanunsuz pul köçürmələrinə görə məsuliyyəti nəzərdə tutan 206-1-ci maddənin daxil edilməsini təsdiqləyib.

Yeni maddəyə əsasən, qaçaqmalçılıq əlamətləri olmadan, o cümlədən qarşılıqlı hesablaşmalar yoluyla 50 min manatdan 200 min manatadək məbləğdə qanunsuz pul köçürmələri hallarında bu məbləğin 40 faizi həcmində cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması nəzərdə tutulur.

Qanunsuz pul köçürmələrinin məbləği 200 min manatdan 500 min manatadək olduqda, məbləğin 40 faizindən 60 faizinə qədər həcmdə cərimə və ya 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

500 000 manatdan çox məbləğ qanunsuz köçürüldükdə bu, 40 faizdən 60 faizədək həcmdə cərimə və ya 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Əgər köçürmənin məbləği 50 min manatdan az olarsa, bu, inzibati xəta hesab olunacaq və cərimə məbləğin 40-dan 60 faizə qədərini təşkil edəcək.

Bu cinayət işləri üzrə istintaqı ya İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, ya da Dövlət Təhlükəsizliyi Xidməti aparacaq.

Bu məsələ ilə bağlı rəsmi məlumatda nəyin qanunsuz köçürmə hesab ediləcəyi açıqlanmır.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, imzalanan qanun ölkədən pul çıxarılmasına nəzarət funksiyalarının artırılmasını nəzərdə tutur. Dövlət Təhlükəsizlik Xidməti və İqtisadiyyat Nazirliyinə müəyyən səlahiyyətlər verir.

Your browser doesn’t support HTML5

Natiq Cəfərli: Azərbaycanda əldən-ələ pul köçürmə şəbəkəsi mövcuddur

"Burada problem ondan ibarətdir ki, ölkədən qeyri-qanuni pul çıxarılma anlayışının təsnifatı çıx yayğındır. Nə deməkdir bu? Bu necə müəyyənləşəcək? Ölkədən qeyri-qanuni pul köçürmə baş verməsi halları necə müəyyənləşdiriəcək? Bax, bununla bağlı qanun da imzalanmış qərar da aydın təsəvvür yaratmır. Hansı pul köçürmələr qeyri-qanuni sayılır? Bax bu məsələ açıq qalır. Qara bazarın formalaşmasına səbəb olan bir addım kimi dəyərləndirmək olar bunu. Çünki heç kimə də sirr deyil ki, Azərbaycanda bank sistemi olmadan da əldən-ələ pul köçürmə şəbəkəsi mövcuddur. İstənilən şəxs Bakıda pulu kiməsə verib Türkiyədə, Rusiyada, Avropada, ABŞ-da geri ala bilər. Zaman-zaman belə xəbərlər mediada olub, hətta həbs olunanlar da olub. Bu qərarda qeyri-qanuni pulköçürmə anlayışı, təsnifatı açıq şəkildə verilməsə gələcəkdə bunun izahı dövlət orqanları tərəfindən olunmasa qara bazarın artmasına, əldən-ələ, cibdən-cibə pul köçürmələrinin, ötürmələrin həcminin artmasına səbəb ola bilər" , o qeyd edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, əvvəllər quru sərhədləri açıq olan zaman pul vəsaitlərinin ölkədən çıxarılması vətəndaşlar üçün çətinlik yaratmırdı.

"Quru sərhədləri bağlanandan sonra hava nəqliyyatı vasitəsilə pulların çıxarılması çətinləşib. Bunun da səbəbləri var. Nəzarət, monitor var, imkanlar kifayət qədər ciddiləşib. Əsas yük bank sektorunun üzərinə düşür. Görünür bank köçürmələri də çoxalıb. Hökümət də bundan narahatdır. Bunun qarşısını almaq üçün sərt hüquqi, iqtisadi siyasət yürütməyə qərar verib. Cinayət Məcəlləsindəki normadan mən görürəm ki, hökümət xüsusilə də bu istiqamətdə sərt hüquqi siyasət aparacaq" , o, Amerikanın Səsinə deyib.