DİN: Qanunsuz piket keçirilməsinin qarşısı alınacaq

Bakı Şəhər İcra Hakimiyyəti

"Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) icra hakimiyyətinin önündə piket keçirilməsini məqsədəuyğun hesab etməyib. Buna baxmayaraq, həmin partiyanın bir qrup üzvü piketin keçiriləcəyi haqda sosial şəbəkələrdə məlumatlar paylaşırlar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.

“Piket üçün nəzərdə tutulan yer təhsil müəssisələrinin yerləşdiyi, nəqliyyatın intensiv hərəkət etdiyi və insan sıxlığının yüksək olduğu ərazi olduğundan orada aksiya keçirilə bilməz. Ona görə də 2019-cu ildə qeydə alınmış analoji neqativ halın təkrarlanmasına imkan verilməyəcək, cəhd ediləcəyi təqdirdə isə qarşısı alınacaqdır.

Xatırladırıq ki, qanunvericiliklə icazə verilməyən yerlərdə kütləvi tədbirlərin keçirilməsinə görə təşkilatçılar məsuliyyət daşıyırlar", - DİN rəsmisi bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 24-də saat 16-da Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirəcəyini bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, aksiyasının əsas tələbi sərbəst toplaşmaq azadlığına qadağanın aradan qaldırılmasıdır.

“Sentyabrın 30-da AXCP-nin aksiyasından öncə və aksiya zamanı 177 fəal saxlanılıb. İnsanların bir çoxu aksiya başlamamış evində, evinin qarşısında, yollarda saxlanılıb. Bu bir daha ölkədə sərbəst toplaşmaq azadlığının olmamasını sübut edir. Sərbəst toplaşmaq azadlığı olarsa insanlar toplaşaraq hökumət qarşısında öz problemlərini qaldırarlar,” AXCP sədri qeyd edib.

Öz növbəsində, Bakı şəhər İcra Hakimiyyəti təşkilatçılara cavabında aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. İcra hakimiyyəti bunun səbəbini yaxınlıqda təhsil müəssisələrinin, metro stansiyasının yerləşməsi, əhalinin sıx fəaliyyəti ilə izah edib.

“Piketin keçirilməsi aksiyada iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi problemlər yaranmasına səbəb olacaq,” Bakı şəhər İcra Hakimiyyətinin cavabında deyilir.

Aksiyanın təşkilatçılarından olan AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli Amerikanın Səsinə deyib ki, AXCP təyin etdiyi aksiyanı keçirəcək.