Azər Qasımlı: ABŞ Azərbaycanın müstəqilliyinə qarant ölkələrdən biridir

Your browser doesn’t support HTML5

Azər Qasımlı: ABŞ Azərbaycanın müstəqilliyinə qarant ölkədir

Siyasi şərhçi Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycan-ABŞ münasibətlərinin hazırkı durumu, o cümlədən ABŞ-ın regionda insan hüquq və azadlıqlarına verə biləcək töhfələrdən danışıb.

Amerikanın Səsi: Avropada enerji resurslarına artan tələbat Qərbin Azərbaycanla bağlı siyasətinə hansı təsirlər edib? Qərbin, xüsusilə də, ABŞ-ın Azərbaycana dair siyasətində prioritetlerdə dəyişikliklər varmı və ya gözlənilirmi?

Azər Qasımlı: Mən hesab edirəm ki, hansısa ciddi bir dəyişiklik baş verməyib. Ümumiyyətlə Qərb deyəndə bir az ayırmaq lazımdır. ABŞ və Avropa Birliyi. Çünki indi, sözsüz ki, kollektiv Qərb haqqında danışırlar. Mən hər zaman deyirəm, bu kollektiv Qərbi qarşımızda görmürük. Hərdən elə situasiyalar yaranır ki, Qərb kollektiv şəkildə mövqe bildirməli olur. Amma elə situasiyalar olur ki, ABŞ-ın öz maraqları, Avropa İttifaqının öz maraqları var.

Bayaq dediyim kimi, heç bir təsir göstərməyib. Niyə? Baxın, rəqəmləri götürək. Qərbin Rusiyadan aldığı qazın miqdarı hal-hazırda 150 milyard kub metrə yaxındır. Müharibədən əvvəlki dönəmi mən deyirəm. Azərbaycan isə Avropa İttifaqına maksimum 10 milyard kub metr qaz verə bilər. Bu o deməkdir ki, Azərbaycan heç bir zaman qaz nöqteyi-nəzərindən bu məsələdə Rusiyaya rəqib ola bilməz. Yaxud Ukrayna məsələsində Qərb öz prinsipiallığını göstərirsə, hansısa 10 milyard kub metr ildə qaza görə öz prinsiplərindən kənarda durmaz deyə düşünürəm. Sadəcə bir məsələ var. Bax, bu Ukrayna müharibəsinə qədər Qərbin bizim bölgədəki mövqeyi, yaxud münasibəti, o cümlədən Azərbaycana elə idi ki, Rusiyanın müəyyən mənada maraq dairəsi kimi görürdülər. Amma indi Ukrayna məsələsi bunu dəyişdi. Ona görə də mən fikirləşmirəm ki, bu qaz məsələsi onların siyasətinə təsir etsin.

Amerikanın Səsi: Ümumilikdə Azərbaycan-ABŞ münasibətləri bu gün hansı amillərlə səciyyələnir, əlaqələr daha çox hansı sahələri əhatə edir?

Azər Qasımlı: Əlaqələr daha çox biznes, energetika, bu sahələri əhatə edir. Amma onu da qeyd edim ki, Amerika üçün bu sahələr o qədər də önəmli bir sahə deyil. Çünki Amerika üçün Azərbaycan önəmli ölkə deyil ki, hansısa biznes, iqtisadi maraqlar ön planda olsun. İndi çox adam deyir ki, məsələn, Amerika burada pul qazanır, Amerikanın burada iqtisadi maraqları var və sair. Elə deyil. Bu səhvdir. Bayaq dediyim məsələ ABŞ-a da aiddir. Tək Avropa İttifaqına aid deyil. Belə ki, ABŞ-da bu bölgəni, Cənubi Qafqazı, sadəcə Azərbaycanı yox, Rusiyanın təsir dairəsində olan bir bölgə kimi görürdü və Rusiya ilə konfliktə getmək istəmirdi. Amma indi Ukrayna müharibəsindən sonra təbii ki, vəziyyət dəyişməkdədir. Hamı gözləyir ki, post Ukrayna müharibəsi dönəmi başlayacaq, post-sovet məkanında, o cümlədən də Cənubi Qafqazda. Təbii ki, onda demokratiya, insan haqları - bu mövzularda mən fikirləşirəm ki, ABŞ daha aktiv olacaq və mən açığı istərdim ki, daha aktiv olsun.

Amerikanın Səsi: Geopolitik və enerji məsələlərinin önə çıxdığı bir vaxtda iki ölkənin münasibətlərində demokratiya və insan hüquqları sahəsinə diqqət azala bilərmi?

Azər Qasımlı: Mən deyərdim ki, diqqət onsuz da belə böyük deyil idi. Bayaq elə dediklərimi təkrarlamaq istəmirəm. Amma bunu demək istəyirəm ki, Ukrayna müharibəsi çox şeyi dəyişdi. Bundan əlavə də belə ciddi böyük diqqət yox idi. Digər tərəfdən də 10 milyard kub metr qaz da böyük miqdar deyil ki, ona görə nəyəsə göz yumsunlar. Sadəcə hər şey dünyada gedən proseslərdən, həm regional proseslərdən, həmçinin Azərbaycanın daxili proseslərindən aslıdır. Əgər ölkədə ciddi proses başlayacaqsa, siyasi aktivlik olacaqsa, insanlar öz hüquqlarını tələb edəcəklərsə, təbii ki, dünyada da, Qərbdə də, buna uyğun da reaksiya olacaq. Əgər təbii ki, bunlar olmayacaqsa, aydın məsələdir ki, daha əvvəllər də necə idisə, çox şeylərdə də susurdularsa, bundan sonra da susmağa davam edəcəklər. Amma burada onu da qeyd edim. Qismən mən dedim. Hamı Post-Ukrayna müharibəsi dönəminə hazırlaşır. Bu gün hamının başı ilk növbədə də Qərbdə, Avropada, məhz Ukrayna müharibəsinə qarışıb. Ona görə, belə olan təqdirdə Azərbaycan kimi ölkələr, az da olsa, yenə də kənarda qalıblar. Amma bu situasiya sürətli şəkildə dəyişməkdədir.

Amerikanın Səsi: Hazırkı mürəkkəb geopolitik durumda Azərbaycana qarşı siyasi və ya hərbi təhdidlər olarsa, ABŞ bunun qarşısının alınması üçün Azərbaycana dəstək ola bilərmi?

Azər Qasımlı: Əlbəttə, ola bilər. Mən dəfələrlə bildirmişəm ki, Azərbaycanın müstəqilliyinə qarant ölkələrdən birisi də məhz ABŞ-dır. Düzdür bunu ilk növbədə Azərbaycan xalqının özü təmin etməlidir, öz müstəqilliyini qorumalıdır, öz ərazi bütövlüyünü qorumalıdır. Amma razılaşın ki, bu gün Ukraynada müharibə gedir. Amma Ukrayna kimi böyük bir ölkə özü-özünü Rusiyadan müdafiə edə bilmir. Amma deyək ki, sabah Azərbaycana şimaldan, cənubdan hansısa müdaxilələr olsa kim Azərbaycana yardım edə bilər? Harada Azərbaycanın müttəfiqləri var? Kimin marağındadır ki, Azərbaycan müstəqil ölkə kimi qalsın? Təbii ki, ilk növbədə Türkiyə və bunun da yanında mən hesab edirəm ki, ABŞ duracaq. Düşünürəm ki, ABŞ-ın hansısa bir beynəlxalq aləmdə rəqib hesab etdiyimiz ölkələr, söhbət İrandan, Rusiyadan gedir, əsas təhdid oradan gələ bilər. Çünki bunun tarixi bir konteksti də var. Təbii ki, bu ABŞ-ın rəqibləridir. Bu nöqteyi-nəzərdən ABŞ müstəqil və demokratik Azərbaycanın olmasında maraqlıdır.