ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Birləşmiş Ştatların Azərbaycanın 17 erməni hərbçini Ermənistan tərəfə təhvil verməsini alqışladığını bildirib.
Bu barədə Ceyk Sallivan Twitter səhifəsində yazıb.
"ABŞ dayanıqlı sülh razılaşmasına nail olmaq səylərini dəstəkləməkdə davam edir," Sallivan vurğulayıb.
Oktyabrın 4-də Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın 17 erməni hərbçisini azad etdiyini bildirib.
Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib ki, erməni əsirlərin azad edilməsi Amerika tərəfinin vasitəçiliyi ilə baş tutub.
Ermənistan Müdafiə Nazirliyi azad edilən hərbçilərin adlarını da sadalayıb.
Bununla yanaşı Azərbaycan tərəfi hələ bu məlumata münasibət bildirməyib.
Bundan əvvəl də Azərbaycan bir neçə dəfə saxlanılan erməni hərbçilərini geri qaytarıb. Sonuncu belə hal bu ilin sentyabrın 8-də baş verib və Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.