Əsgər Fərəci Evin həbsxanasına yerləşdirilib

Azərbaycanlı milli fəal Əsgər Fərəci 5 il həbs cəzası çəkmək üçün Tehranın Evin həbsxanasına köçürülüb.

İnsan haqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyətinin yaydığı xəbərə görə, Fərəci iyunun 20-də Evin Məhkəməsinin Hökm İcra Şöbəsinə müraciət etdiyi zaman həbs edilib və beş illik həbs cəzasını çəkmək üçün Evin Həbsxanasının karantin palatasına köçürülüb.

Tehran İnqilab Məhkəməsinin 26 saylı şöbəsi Əsgər Fərəcini "ölkənin təhlükəsizliyinə qarşı birləşmə və sözləşmə", "qanunsuz qruplaşmaya üzv olmaq”, "İran İslam Respublikası əleyhinə təbliğat aparmaq" və "ictimai rəyi çaşdırmaq məqsədilə sosial mediada yalan məlumat paylaşmaq" kimi ittihamlarla suçlanıb. Məhkəmə milli fəalı cəmi 17 il 4 ay həbsə və 2 il sürgünə məhkum etmişdi.

Sina Yusifi adlı vəkil daha əvvəl öz Twiter hesabında müvəkkilinin 17 il müddətinə azadlıqdan məhrum edildiyini açıqlamışdı. O bu işlə bağlı tvitlərində müvəkkilinin adını qeyd etməmişdi. Yusifi müvəkkilinin dosyesində irəli sürülən ittihamların əsassız olduğunu bildirmişdi. O, dosyedə hökmün yeganə istinad etdiyi "müttəhimin gündəliyində latın qrafikası ilə türkcə yazının olması, bunun isə ölkənin rəsmi dilinə qarşı üsyanı göstərdiyi"nin qeyd olunduğunu bildirmişdi.

İranwire saytında dərc olunan məlumata görə, ilkin məhkəmənin çıxardığı hökm apellyasiya məhkəməsinə verilən şikayətdən sonra 10 ilə endirilib ki, İran İslam Respublikasının cinayət qanunvericiliyinə görə, milli fəal Fərəci 5 il həbs cəzası çəkəcək.

İran Azərbaycanında insan haqları vəziyyəti üzrə fəaliyyət göstərən AHRAZ cəmiyyətinin nümayəndəsi Şahin Xiyavlı Amerikanın Səsinə bu barədə deyib ki, "mənə görə bir türk fəalına sırf türkcəni latınca yazdığı üçün onun dosyesində suç kimi göstərilməsi əslində İran hökumətinin ölkədə yaşayan 35 milyon türkə olan kin və nifrətinin göstərgəsidir".

Fərəcinin vəkili 17 illik həbs hökmü ilə əlaqədar Twiter-də açıqlamasından sonra AHRAZ cəmiyyəti bu haqda kampaniya başladaraq, sosial media üzərindən milli fəalların bu hökmə qarşı təpkilərini və fikirlərini əks etdirib.

"İran hakimiyyətinin türkcəni latınca qrafikası ilə yazılmasına qarşı çıxması əslində, İranda yaşayan türklərin Azərbaycan və Türkiyə ilə bağlarını qoparmaq və orada yazılan qaynaqlardan bizləri məhrum buraxmaq istəyir. Beləliklə, hökumət İranda yaşayan türkləri qonşu türk dilli ölkələrdən təcrid etmək peşindədir"- deyə, Xiyavlı əlavə edib.