Kiyevdə toplaşan etirazçılar keçən həftə Rusiya tərəfdarı qüvvələrlə uzadılmış atəşkəsin müddətinin bitdiyini deyərək, onun davam etdirilməsinin Ukrayna əsgərlərinin həyatını riskə qoyduğunu bildirib.
Mindən çox nümayişçi Ukrayna prezidenti Petro Poroşenkonu atəşkəsə son qoymağa çağırıb.
Nümayişçilərdən birinin əlində “Terrorçuların başa düşdüyü yeganə dil gücdür” yazılmış plakat tutub.
Daha bir nümayişçi atəşkəsin davam etdirilməsinin Ukrayna əsgərlərini risk qarşısında qoyduğunu deyib. “Bu nə qədər davam edəcək? Biz kiminlə danışıqlar aparırıq?” kimi suallar verib.
Şənbə günü ölkənin şərqində Slavyansk şəhəri yaxınlığında Rusiya tərəfdarı qüvvələrlə atışma baş verib, üç Ukrayna əsgəri separatçılar tərəfindən öldürülüb.
Rusiya Ukraynada Rusiya tərəfdarı qüvvələrə yardım etdiyini rədd edir.
Avropa İttifaqının liderləri Rusiya tərəfdarı separatçılara yardımı dayandırmaq üçün bazar ertəsinə qədər möhlət verib. Əks halda Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilə biləcəyini bildirir.