Noyabrın 25-də Bakının Binəqədi rayon Məhkəməsində jurnalist Xədicə İsmayılovaya qarşı iddia üzrə proses yenidən təxirə salınıb.
Bu dəfə iclasın təxirə salınmasına səbəb iddiaçı - keçmiş müxalifətçi Elman Türkoğlunun (Həsənov) vəkillərinin məhkəmədə iştirak etməməsi olub.
Hakim bu iş üzrə növbəti iclası dekabrın 2-nə təyin edib.
İddiaçı İsmayılovanın Facebook-da Türkoğlunun müxalifət daxilində təxribatçılıq fəaliyyəti məqsədilə xüsusi xidmətlər tərəfindən cəlb edildiyi haqqında sənəd dərc etməklə ona böhtan atdığını iddia edir. Həsənov bunun saxta sənəd olduğunu bəyan edir. Öz növbəsində, İsmayılova onun yaydığı mətndə Həsənovun adının və soyadının olmadığını bildirir.
İsmayılova ünvanına olan ittihamı uydurma hesab edir və iddianın arxasında xüsusi xidmətlərin durduğunu düşünür.
Xatırladaq ki, bu mövzularda nəşrlər ilk dəfə 2011-ci ildə Facebook-da Mustafa Kozlu adlı istifadəçinin adından yayılıb.