Accessibility links

Rusiya müdafiə naziri Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə sərhəddə durumu müzakirə edib


Sergey Şoyqu
Sergey Şoyqu

Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində lokal döyüşlərin baş verdiyi zaman Rusiya müdafiə naziri Sergey Şoyqu əvvəlcə Ermənistanın müdafiə naziri Suren Papikyan, sonra isə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla telefon danışığı aparıb. Verilən məlumatlara əsasən, Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycan və Ermənistanın müdafiə nazirləri ilə telefon söhbətindən sonra Azərbaycan və Ermənistan vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görüb.

Hər iki ölkənin Müdafiə Nazirlikləri Rusiya müdafiə naziri ilə telefon söhbəti barədə məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə naziri Suren Papikyan və Rusiya müdafiə naziri Sergey Şoyqu telefon danışığı zamanı Ermənistan sərhədinin şərq hissəsindəki vəziyyəti müzakirə edib.

Papikyan vurğulayıb ki, "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisinə təcavüzü 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bütün danışıqlar prosesini təhlükə altına qoyur."

Öz növbəsində, Rusiyanın müdafiə naziri hərbi əməliyyatların dayandırılması, hərbi əsirlərin qaytarılması və vəziyyətin həlli üçün səy göstərməyə hazır olduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, telefon danışığı əsnasında Zakir Həsənov dövlət sərhədində “Ermənistanın törətdiyi təxribatların” qarşısının qətiyyətlə alındığını bildirib.

Müdafiə Nazirliyi bildirir ki, Sergey Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazır olduğunu ifadə edib.

Noyabrın 13-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədində gərginlik artmaqda davam edir. Bu gün, noyabrın 16-da gərginlik hər iki tərəfdən artilleriyanın tətbiqi ilə lokal döyüşlər şəklində davam etdirilib. Rəsmi mənbələrin məlumatına görə, hər iki tərəfdən yaralananlar, Ermənistan tərəfdən həm də itkilərin olduğu bildirilir. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin həm də 12 erməni hərbiçisini əsir götürdüyünü bildirib.

XS
SM
MD
LG