Beynəlxalq Qırmızı Xaç Suriyanın Homs şəhərinə həyati yardım çatdırmağa ümid bəsləyirkən, hökumət qüvvələri onların şəhərə daxil olmasına imkan verməyib. Hökumət rəsmən Qırmızı Xaça icazə versə də, ərazidəki hərbi qüvvələr humanitar yardım işçilərini Homsa buraxmaqdan imtina edirlər.
"Biz Baba Əmr məhəlləsində insanların taleyindən çox narahatıq," deyə Qırmızı Xaçın Dəməşqdəki nümayəndəsi Saleh Dabbakeh bildirib.
Prezident Bəşar əl-Əsədə sadiq qüvvələr şəhəri bir ay bombardman etdikdən sonra hər yerdən təcrid olunmuş Homsda çox sayda yaralı və ac adam var. Siyasi fəallar hökumətin törətməkdə olduğu qətliamları gizlətmək üçün oraya heç kimi buraxmadığını bildirirlər.
BMT Baş katibi Ban ki Mun deyir ki, ona daxil olan məlumatlara əsasən Əsədin əsgərləri Homsda üsyançıların geri çəkildikləri ərazilərdə insanları edam edirlər. Homsdan bir qədər cənubda Qusayr şəhərinin sakinləri hücum edən Əsədçilərin əlindən qurtulmaq üçün sərhədi keçərək Livana üz tutublar.