Accessibility links

Elçin Abdullayev: Qanunlara dəyişikliklər QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq [Video-müsahibə]


Elçin Abdullayev: Qanunlara dəyişikliklər QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq
please wait

No media source currently available

0:00 0:04:39 0:00

Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədrinin Amerikanın Səsinə müsahibəsi

Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayev Amerikanın Səsinə müsahibəsində ölkə prezidentinin qeyri hökumət təşkilatları haqqında qanunvericilik aktlarına edilən dəyişiklikləri imzalamasının mənfi fəsadlarından danışıb.

Onun sözlərinə görə, qanunvericilik paketinin parlamentin müzakirəsinə çıxarılmamışdan öncə ictimai müzakirəsi keçirilməyib.

“Qanunvericilik əsasən müstəqilliyini indiyədək qoruyub saxlayan QHT-lərə qarşı yönəlib. Bir sıra QHT-lər böyük miqdarda cərimələrə məruz qalacaq”.

Ekspert ölkədə 2800-dən çox QHT-yə nəzarət mexanizminin yaradılması üçün böyük miqdarda vəsaitin tələb olunduğunu deyib.

“Eyni zamanda qanunvericilik normaları o qədər çətinləşdirilib ki, bütün QHT-lər mühasib və hüquqşünas saxlamalıdırlar ki qanunlardakı çoxsaylı mexanizmlərə cavab verə bilsinlər. QHT-lər qrantlar hesabına maliyyələşir və daimi maliyyələşmə mənbəyi yoxdur. Bu həm də fəaliyyətin məhdudlaşdırılmasıdır”.

Onun fikrincə, qanunlara dəyişikliklər QHT-lərə siyasi nəzarət deməkdir.
“Halbuki vətəndaş cəmiyyəti ölkənin idarə edilməsində iştirak etməlidir və siyasi hakimiyyətin fəaliyyətinə nəzarət etməlidir”, o qeyd edib.

Milli Məclis dekabrın 17-də vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlara və “İnzibati Xətalar Məcəlləsi”nə 8 əlavə 50-dək düzəliş edib. Əlavələrin 7-si cərimələrin artırılması, 1-i isə QHT-lərin fəaliyyətinin 1 il müddətinə dayandırılması ilə bağlıdır. Dəyişikliklər hüquqi şəxslər üçün müəyyən edilən cərimələri 8 000 manatadək, fiziki və vəzifəli şəxslər üçün isə 3000 manatadək qrtırıb. .

Düzəlişlər isə vergi, qrant sənədləri, üzvlərin hüquqları, sənədləşmə və məsuliyyətə cəlb etmənin dairəsinin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda xarici QHT-lərin fəaliyyətinə ciddi mane olacaq düzəlişlər edilib. Bu QHT-lər siyasi proseslər və mənəvi dəyərlərlə bağlı fəaliyyət göstərə bilməz.

Ekspertlər hesab edir ki, yeni qanun Azərbaycanda fəaliyyət göstərən həm Azərbaycan, həm də xarici təşkilatlara əhəmiyyətli dərəcədə təsir göstərmək potensialına malikdir. Qanun təşkilatlar üçün digər öhdəliklərlə yanaşı, onların hüquqi şəxslər kimi qeydiyyatı, onların qrantlar almaları, qrantlardan istifadə etmələri və hökumətə hesabat vermələri baxımından yeni öhdəliklər tətbiq edəcəkdir.

Milli Məclisin deputatları düzəlişləri qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyi, onların işində şəffaflığın artırılması və ölkənin təhlükəsizlik maraqlarının qorunması ilə izah ediblər.
XS
SM
MD
LG