Accessibility links

Jurnalistin Əfqanıstan xatirələri


“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov 1980-ci illərdə jurnalist kimi Əfqanıstanda çalışıb. O Sovet Ordusunun Əfqanıstanda apardığı döyüş əməliyyatlarını müşahidə edib, ordu və Əfqanıstan hökumətinin o zamankı rəhbərləri ilə görüşüb.
Cənab Əhmədov Sovet Ordusunun Əfqanıstanın yerli icmaları ilə əlaqə qura bilmədiyini deyib. Onun sözlərinə görə, ordu rəhbərliyi yerlərdə bir neçə nəfəri ələ almaqla kifayətlənirmiş. “Əfqanıstan əhalisinin 90-95 faizi Sovet Ordusuna qarşı idi. Hökumət rəhbərləri isə öldürüləcəyini göz altına alaraq imitasiya xatirinə Sovet ordu rəhbərliyi ilə sıx əlaqə saxlayırdı”.
Jurnalist döyüşlərlə bağlı real vəziyyət barədə ictimaiyyətə məlumat verilmədiyini deyir. “Döyüşlərdə on əfqan öldürülürdüsə, bu şişirdilərək qüzlərlə qələmə verilirdi. Sovet Ordusu öz itkiləri barədə isə ümumiyyətlə məlumat vermirdi. Ordu ilə xalq və ordu ilə yerli hökumət arasında daimi ziddiyyət hökm sürürdü”.
Cənab Əhmədov həmçinin Sovet Ordusunun tərkibində olan azərbaycanlıların daim ön cəbhədə döyüşdüyünü bildirib. “Bu gün NATO qüvvələrinin tərkibində də Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Əfqanıstanda qulluq keçir. Lakin onlar ön cəbhəyə buraxılmır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG