Accessibility links

İsrail tankları Qəzza mərkəzindəki düşərgədən geri çəkilib, azı 30 nəfərin öldürüldüyü bildirilir


Qəzza zolağının Deyr əl-Balah şəhərində fələstinli qadınlar və uşaqlar çörək növbəsində, 28 noyabr 2024-cü il.
Qəzza zolağının Deyr əl-Balah şəhərində fələstinli qadınlar və uşaqlar çörək növbəsində, 28 noyabr 2024-cü il.

İsrail ordusunun Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsində gecə ərzində endirdiyi zərbələr nəticəsində azı 30 fələstinli öldürülüb. Bu barədə cümə günü bəzi tankların reyd etdiyi bölgədən geri çəkilməsindən sonra ərazidəki tibb əməkdaşları məlumat verib.

Onların dediyinə görə, öldürülən 19 fələstinlinin cəsədi anklavın səkkiz uzunmüddətli qaçqın düşərgəsindən biri olan Nuseyratın şimal bölgəsindən çıxarılıb.

Bəzi tanklar düşərgənin qərb bölgəsində fəal qaldığından Fələstinli Mülki Fövqəladə Xidməti qrupları evlərində ilişib qalan sakinlərin çağırışlarına cavab verə bilmədiklərini söyləyiblər.

Tibb əməkdaşları əlavə ediblər ki, digərləri Qəzza zolağının şimal və cənub bölgələrində öldürülüb. Cümə günü İsrail ordusundan yeni açıqlama verilməyib, lakin cümə axşamı qüvvələrin "Qəzza zolağındakı əməliyyat fəaliyyəti çərçivəsində terror hədəflərinə zərbələr endirməkdə" davam etdiyi bildirilib.

Bu arada İsrail hakimiyyəti son aylarda Qəzzada davam edən hücumlar zamanı saxladığı 30-a yaxın fələstinlini azad edib. Həkimlərin dediyinə görə, sərbəst buraxılan insanlar tibbi müayinədən keçmək üçün Qəzzanın cənubundakı xəstəxanaya gəliblər.

Müharibə zamanı saxlanılan və daha sonra azad edilmiş fələstinlilər İsrail həbsxanalarında pis rəftar və işgəncələrdən şikayətləniblər. İsrail işgəncələri rədd edir.

Qəzzada atəşkəslə bağlı danışıqlar aparmaq üçün aylarla davam edən səylər cüzi irəliləyişlə nəticələndi və danışıqlar hazırda dayandırılıb.

İsrail və HƏMAS-ın müttəfiqi olan Livan Hizbullahı arasında paralel qarşıdurmada atəşkəs çərşənbə günü səhər saatlarından qüvvəyə minib, son aylarda kəskin şəkildə güclənmiş və Qəzza münaqişəsinə diqqəti kölgədə qoymuş hərbi əməliyyatlar dayandırılıb.

Qəzza rəsmiləri bildiriblər ki, İsrailin Qəzzada kampaniyası 44,200-ə yaxın insanın ölümünə və anklavın demək olar ki, bütün əhalisinin ən azı bir dəfə didərgin düşməsinə səbəb olub, geniş ərazi xarabalığa çevrilmişdir.

İsrailin bildirdiyinə görə, 13 ay əvvəl İsrailin cənubundakı icmalara hücum edərək müharibəyə səbəb olan HƏMAS-ın başçılıq etdiyi militantlar 1200-ə yaxın adamı öldürüb və 250-dən çox insanı girov götürüb.

HƏMAS və Hizbullah ABŞ, Böyük Britaniya və digər Qərb ölkələri tərəfindən terror qrupları kimi tanınıb.

Forum

XS
SM
MD
LG