İndoneziyanın Sumatra adasında leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi azı yeddi nəfərin ölümünə səbəb olub. Bu, bölgədə bu həftə baş verən digər torpaq sürüşmələrindəki ölüm sayını artırır.
Xilasetmə işçiləri paytaxt Medandan Şimali Sumatra vilayətindəki Berastagi şəhərinə gedən yolda turist avtobusunda ağaclar, palçıq və daşlarla örtülmüş vəziyyətdə olan cəsədləri aşkar edib. Avtobus çərşənbə günü səhərdən bəri Medandan digər bölgələrə aparan əsas yolda digər maşınlarla birgə ilişib qalıb.
10-dan çox insan da yaralanıb və Medan xəstəxanasına evakuasiya edilib.
Şimali Sumatra Regional Polis İdarəsinin yol hərəkəti direktoru Muji Ediyanto İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi tərəfindən paylaşılan videoda bildirib ki, bəzi nəqliyyat vasitələri hələ də torpaq sürüşməsi səbəbindən yolda qalıb.
"O maşınları torpaq sürüşmələrindən çıxarmaq üçün ən azı iki gün vaxt lazım olacaq. Bir neçə avtomobil hələ də sürüşmə nəticəsində yaranan yığınların altında qalıb. Bir neçə nöqtədə ağaclar da yıxılıb və nəqliyyat vasitələri o yerlərdən çıxa bilmir", Ediyanto deyib.
Bu həftənin əvvəllərində Şimali Sumatra vilayətinin dağlıq ərazilərində, o cümlədən ən son torpaq sürüşməsinin baş verdiyi yerdən 20 kilometrdən az məsafədə yerləşən Karo rayonunda sel və torpaq sürüşmələri nəticəsində 20 nəfər ölüb.
Oktyabrdan mart ayına kimi mövsümi yağışlar milyonlarla insanın dağlıq ərazilərdə və ya münbit sel düzənliklərinin yaxınlığında yaşadığı 17 min adadan ibarət arxipelaq olan İndoneziyada tez-tez daşqın və sürüşmələrə səbəb olur.
Forum