Politoloq Teoman Aktan Amerikanın Səsi ilə söhbətində siyasi və mədəni hərəkatlarda nəzərə alınması olan prinsiplərin həmin hərəkatların əsasını təşkil edən məsələlərə görə müəyyənləşdiyini ifadə edir.
"Məsələnin surətini tanımlamadan, onun səbəblərini düzgün və açıq bir şəkildə ortaya qoymadan prinsiplər də bəlli olmaz. Yəni məsələ nədir? Məsələ sahibləri kimdir? Bunların o məsələlərin həllindəki rolu və qatılımı nədir? Bu insanların siyasətə daxil olması, məsələnin həlli prosesinə daxil olmalarını əngəlləyən siyasətlər və güclər nədir? Prinsiplər buradan ortaya çıxır. Prinsip məsələ sahiblərinin birbaşa bu siyasətə daxil olmalarıdır," Aktan bildirib.
Siyasi elmlər üzrə alim hesab edir ki, hərəkatın digər qruplar ilə ittifaq qurmaq məqsədilə əsas prinsiplərindən vaz keçib və ya onları yetərincə səsləndirməməsi onun öz siyasi kimliyini itirməsinə səbəb ola bilər.
"Bəlli məsələlər bizim üçün, İrandakı türk insanı üçün ölüm-dirim məsələsidir. Dil və kimlik məsələsi, Pişəvərinin təbiri ilə, bizim ölüm-dirim məsələmizdir. Mərkəzdəki cərəyanlar ilə bir ittifaq qurulsun və ya mərkəzdəki siyasi mühitdə bizim hərəkatımıza məşruiyyət yaransın deyə, bu prinsipdən vaz keçmək və ya bunu bir mərhələdə keçici olaraq bir kənara qoymaq, belə bir zehniyyətə qapılmaq tarixi bir xətaya yol açar. Onun üçün bundan uzaq durulmalı", Teoman Aktan qeyd edib.
Onun sözlərinə görə, "Milli Hərəkatın başlanğıc etibarı ilə üzərində durduğu bəlli əsaslar var; dil məsələsi, kimlik məsələsi, coğrafiya məsələsi, bu coğrafiyanın insanının kültürəl və siyasi taleyi və iqtisadi çıxarları, eyni dili, eyni kültürü və eyni tarixi paylaşdığı yaxın coğrafiyalardakı insanlarla bəlli bir əlaqəni sürdürmə haqqına sahib olması və bizim həyatımızı təhdid edən Urmiyə gölü məsələsi. Bunlar vaz keçilməyən prinsiplərdir... Bunlardan vaz keçdiyimiz zaman siyasi hərəkatın kimliyini yox saymış oluruq. Yəni, sanki bu hərəkatın bir kimliyi yoxdur, müxalifət sıralarında özünün bir rəngi yoxdur."
Teoman Aktan İranda dövlətin fərqli siniflər, eləcə də ictimai, cinsi, etnik və siyasi qruplara basqıları və bu basqılara etiraz edənlərə qarşı tətbiq etdiyi susdurma və qorxu siyasətinə diqqət çəkərək deyib ki, "əsas məsələ və əsas prinsip bizim üçün bu vəziyyətin içində bu insani olmayan davranışlar və siyasətlərə necə son qoyulmasıdır".
"Bizim üçün əsas prinsip ədalətin necə təzahür etməsidir. Bu haqq sahibləri, məsələ sahibləri necə gerçək mənada birbaşa qatılımları ilə demokratik bir proses başlada bilərlər? Məsələnin həllinə dair fikirlərini necə ortaya qoya bilərlər? İmtiyazlı siniflərin, imtiyazlı kəsimlərin qəyyumluğunu siyasət üzərindən qaldırmaq necə mümkün ola bilər? İqtisadiyyatda bunların nəzarəti necə qaldırıla bilər? Bunların hamısı siyasi mücadilədə hərəkatımız üçün, hər hansı siyasi hərəkat üçün təməl prinsiplərdir", o qeyd edib.
Teoman Aktanın bildirdiyinə görə, "əsas prinsiplərdir ki, bizim yəni Azərbaycan məsələsində, İranda əzilən kəsimlərdən biri olaraq, digər siyasi qruplar ilə davamlı olaraq bir ixtilaf bir ayrışma səbəbi olur. Var olan sıxıntılar buradan qaynaqlanır. Bu ixtilaflar ölkədə ciddi bir ittifaqın yaranmasının şərtlərini hazırlamır. Təəssüflə fərqli siyasi qruplarda gördüyümüz budur ki, məsələnin surətini qəbullanmaqda ciddi müqavimət var."