Accessibility links

Natiq Cavadlı: Azərbaycanda internet azadlığı yoxdur


 Natiq Cavadlı: Azərbaycanda internet azadlığı yoxdur
please wait

No media source currently available

0:00 0:04:35 0:00

Freedom House təşkilatının ötən ay açıqladığı 2022-ci il üçün hesabatında internet azadlığı baxımından Azərbaycan 70 ölkə arasında 51-ci yerdədir. Belə ki, Azərbaycan 38 bal toplayaraq “azad olmayan İnternet”ə malik ölkələr kateqoriyasında qalıb. Hesabatda bu ilin fevralında Azərbaycanda qəbul edilmiş "Media haqqında" yeni qanun məhdudlaşdırıcı müddəalarına görə tənqid edilib. Belə ki, qanun xarici KİV-in maliyyələşdirilməsini məhdudlaşdırır və KİV operatorlarının ölkədə yerləşməsini tələb edir. Həmçinin sənəddə deyilir ki, sözügedən qanun İnternet-KİV üçün onsuz da məhdud olan mühiti daha da məhdudlaşdırıb və bir çox azərbaycanlı jurnalisti xaricdə işləməyə məcbur edib. Bu baxımdan müstəqil jurnalist Natiq Cavadlı Amerikanın Səsinə Freedom House-un hesabatını şərh edərək, Azərbaycanda internet azadlığının hazırkı durumundan danışıb. Onunla müsahibəni təqdim edirik.

Amerikanın Səsi: Freedom House-un 2022-ci il üçün hesabatında Azərbaycan “İnternet azad olmayan” ölkələr sırasında qalıb. Bu qiymətləndirmə ilə razısınızmı?

Natiq Cavadlı: Mən Freedom House-un qiymətləndirilməsi ilə razıyam. Artıq illərdir Freedom House-un hesabatında Azərbaycan İnterneti azad olmayan ölkələr sırasındadır. Məsələn, həmin hesabatda bir məqam var. Azərbaycanda "Media haqqında" qanun ilə bağlı. Orada "Media haqqında" qanunun Azərbaycanda jurnalist fəaliyyətinin məhdudlaşdırıcı olduğu deyilir. Bu qanun qəbul olunanda sübut olundu ki, Azərbaycanda internet də, azad deyil. Həmçinin media haqqında qanun qəbul olunan zaman orada həm rəsmi şəxslər, həm deputatlar bildirirdilər ki, yaxın gələcəkdə Azərbaycanda sosial şəbəkələrlə bağlı qanunlar qəbul etmək lazımdır. Bu göstərir ki, Azərbaycanda internet azadlığı yoxdur.

Amerikanın Səsi: Azərbaycanda internetin “azad olmaması” nədə özünü göstərir? Belə qiymətləndirmənin səbəbləri nədir?

Natiq Cavadlı: Özünü onda göstərir ki, məsələn, bu gün artıq illərdir Azərbaycanda Meydan TV, Azadlıq radiosu və bir sıra saytlar bloklanıb. İkinci, Azərbaycanda məsələn, hansısa siyasi fəal və yaxud sıradan bir vətəndaş hansısa sosial şəbəkədə bir status yazırsa höküməti tənqid edirsə, adicə icra hakimiyyətini tənqid edirsə o, rayonda polis idarəsinə çağrılır. Təzyiqlər başlanır. Bunların özü Azərbaycanda internetin azad olmadığını göstərən əlamətlərdi.

Amerikanın Səsi: Media təmsilçisi kimi bu sahədə hansı maneələrlə rastlaşırsınız?

Natiq Cavadlı: Maneələr birincisi Azərbaycanda elektron hökümət qurulubsa, niyə jurnalistlərin elektron poçtlara göndərdiyi suallara cavab verilmir. Yeni media qanununa görə Media reyestrindən keçirilməsi, niyə jurnalistlər reyestrdən keçməlidir. Jurnalist azad, yaradıcı insandır. Onun reyestrə niyə ehtiyacı var? Bu onu göstərir ki, bizi hələ qarşıda çox ciddi maneələr gözləyir.

Amerikanın Səsi: Beynəlxalq birlik Azərbaycanda internet azadlığının təmin olunması istiqamətində hansı təsirlər göstərə bilər?

Natiq Cavadlı: Təəssüf ki, beynəlxalq birlik ancaq hesabatlar yayır. Höküməti tənqid edir. Bundan o tərəfə gedə bilmir. Bu təəssüfləndirici haldır. Mənə elə gəlir ki, ciddi nəticələrin əldə olunması üçün beynəlxalq birlik hökümətlə danışıqlara gedib müxtəlif beynəlxalq təşkilatlara AŞPA, Aİ vasitəsi ilə Azərbaycan höküməti qarşısında məsələləri ciddi şəkildə qoymalıdır. Hətta sanksiyalara da getməlidir. Ancaq bunların yaxın gələcəkdə olacağına mən inanmıram. Niyə? Çünki Aİ-nın bir sıra ölkələri Azərbaycanla qaz müqaviləsi imzalayıb. Qaz müqaviləsi olduğu yerdə Azərbaycana hər hansı təzyiqlərin olacağı inandırıcı görünmür.

Qeyd : Bir müddət əvvəl Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda mətbuat, söz azadlığı, internet azadlığı sahəsində problem yoxdur. Onun sözlərinə görə Reyestrə daxil olmadan da jurnalist fəaliyyəti ilə məşğul olacaq. Bundan əlavə Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların tənqidi fikirlərini rədd edərək, qərəzli adlandırır.

XS
SM
MD
LG